II və III ixtisas qrupları üzrə 700 bal toplayan olmayıb

II və III ixtisas qrupları üzrə 700 bal toplayan olmayıb
Oxunma sayı: 1417

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

"Qafqazinfo" xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37793 abituriyentdən (II qrup üzrə 16758 nəfər, III qrup üzrə 21035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər - Salyan rayonu, 4 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 192 saylı orta məktəbin məzunları göstəriblər. Salyan rayonu, 4 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 396.2 bal toplayan Bakı şəhəri, 323 saylı məktəbin məzunu göstərib.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.