“Qafqazinfo”nun məlumatına görə, festivalda ölkənin 16 şəhərindən 66 komanda iştirak edib.
Festivalın ilk günündə “Nə? Harada? Nə zaman?” oyunu üzrə turnir təşkil olunub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda birinci yeri “Vendetta”, ikinci yeri “Diplomat”, üçüncü yeri isə “Leviafan” komandası qazanıb. Qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırıldılar.
Növbəti gün isə bu yarışın nəticələrinə görə Breyn Rinq tuniri təşkil olunub. Bu dəfə birinci yerə “Diplomat” komandası sahib çıxıb. Finalda məğlub olan “Vendetta” komandası isə ikinci yeri qazanıb. Üçüncü yer isə “Avalon” komandasına nəsib olub.
Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə III Ağıl Oyunları Festivalı final və iki seçim turundan ibarət olub. Çempionatda Bakı, Sumqayıt, Gəncə, Qazax, Mingəçevir, Şəki, Zaqatala, Salyan, Cəlilabad, Lənkəran, Naxçıvan, Quba, Şamaxı, Ağcabədi, İsmayıllı və Beyləqan şəhərlərindən komandalar iştirak ediblər.
“Bakcell”in dəstəyi ilə Xəzər İntellektual Gənclər Klubu tərəfindən həyata keçirilən ƏlfəCİN layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.
ƏlfəCIN layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil olunur.