III qrup üzrə qəbul imtahanları başa çatdı - Yenilənib

iii-qrup-uzre-qebul-imtahanlari-basa-catdi
Oxunma sayı: 3830

Dövlət İmtahan Mərkəzi bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

"Qafqazinfo" xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahanda 22 146 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20 071 nəfər Azərbaycan, 2 075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5 579 nəfəri oğlan, 16 567 nəfəri isə qızdır. 19154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

***

Bu gün Dövlət İmtahan Mərkəzi III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Bu barədə “Qafqazinfo”ya DİM-dən bildirilib.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

21 may saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza bilərlər.

Mayın 21-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.