İyulun 15-i fövqəlnazir, bəstəkar, sahibkar, media kralı Kəmaləddin Heydərovun doğum günüdür. Media əhli ayaqdadı, nazirə gətirilən hədiyyələri kim daha tez görüb tirajlayacaq deyə savaş gedir. Xəbərlər arasında biri daha çox tirajlanır: Baba Vəziroğlu bəstəkar Kamala mənəvi dəyəri olan hədiyyə verib - şeir yazıb və qələm bağışlayıb.
Kəmaləddin Heydərov və qələm... “Qələm”ləri qıran adamlara qələm bağışlamaq gerçəkdən mənəviyyat haqq-hesabıdı. Yəqin gələcəkdə - bu hakimiyyətin gedişindən sonra Baba müəllim deyəcək ki, bu hədiyyəsinin alt mənası varmış, biz anlamamışıq.
Həyatın qəribə tərəfi də odur ki, bu gün həm də hazırda vətənə xəyanətdə suçlandırılan, qələmi qırılmış jurnalist Rauf Mirqədirovun doğum günüdür. Hər iki şəxsin 53 yaşı olur.
Təsadüf, eyni ildə, eyni gündə doğulublar; biri Azərbaycanın müstəqilliyi illərində təkcə yazıları ilə deyil, həm də ictimai-siyasi fəaliyyəti ilə tarix yazıb, mükafatı həbs olub, digərinin başı ölkə çalxalananda öz biznesinə necə qarışıbsa, ayılanda görüb fövqəlnazirdir.
Rauf Mirqədirovun qələmini əlindən alıb, əvəzində Kəmaləddin Heydərova qələm bağışlamaq Azərbaycanın dünyanın tərs tərəfində yerləşməsinə bir daha sübutdur.
- Bu gün Rauf Mirqədirova görə qələm ürəyini boşaltmaq üçün vasitə, Kəmaləddin Heydərov üçünsə siyirməyə atılacaq mənasız əşyadır.
- Bu gün Rauf Mirqədirovun ailəsi dünyanın hansısa bucağında acılar içində qıvrılır, fövqəlnazirin nəinki ailəsi, hətta qohumları belə firavanlıq, kef içindədir. O qədər kef çəkirlər ki, başqalarının göz yaşları belə onlara həzz gətirir.
- Bu gün Rauf Mirqədirovun yaşlı anası MTN təcridxanasının önündə boynunu büküb oğluna yemək göndərmək üçün növbə gözləyir, Kəmaləddin Heydərovun atası isə təbrik mesajlarından, hədiyyələrdən bezib, istirahət edir.
- Bu gün Rauf Mirqədirovun söydüyü Rusiya Azərbaycanı Ermənistana dəstək verməsi ilə təhdid edir, Kəmaləddin Heydərovun dəstəklədiyi gömrükdən isə 2,8 ton heroin keçirilir...
- Bu gün biri gələn təbrikləri, digəri isə həbsxanadakı günlərini sayır...
Son xəbərlər
Son Xəbərlər