“İki ay 190 manat alsam da, 3-cü ay verilmədi”

iki-ay-190-manat-alsam-da-3-cu-ay-verilmedi
Oxunma sayı: 7894

Azərbaycanda koronavirus pandemiyasına görə işsiz qalan və aztəminatlı ailə kateqoriyasına aid olan şəxslərə verilən 190 manat birdəfəlik ödəmə uzun müddət ictimai müzakirələrə səbəb olub. Avqust ayı üçün sərtləşdirilmiş karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda bu ödənişlərin həyata keçirilməsinə qərar verilib. Lakin bəzi şəxslərə yardımın verilməsi dayandırılıb.

“Qafqazinfo”ya müraciət edən Kəmalə Hüseynova bildirib ki, məcburi köçkündür, 25 ildən çoxdur Bakının Nəsimi rayonunda yaşayır və burada müvəqqəti qeydiyyatdadır: “Mən aprelin 4-də Dövlər Məşğulluq Xidmətinin Nəsimi rayon şöbəsinə zəng edərək 190 manat yardım üçün qeydiyyatdan keçmişəm. Aprel-may aylarında iki ay bu yardımı alsam da. İyul ayının yardımı mənə verilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsi ilə əlaqə saxladım. Mənə bildirdilər ki, Ağdam rayonunda qeydiyyatdayam və həmin rayon karantin zonası elan edilmədiyi üçün mənə artıq yardım düşmür. Mən onlara qeydiyyatda olduğum yerin işğal altında olduğunu bildirdikdə isə kobud cavab verdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev avqustun 7-də keçirdiyi brifinqdə “Qafqazinfo”nun bu məsələ ilə bağlı sualına cavab olaraq bildirib ki, məcburi köçkünlər dövlətdən yardım aldıqları üçün onlar 190 manat birdəfəlik yardım almaq üçün kriteriyaya uyğun deyillər və həmin şəxslərə ümumiyyətlə 190 manatlıq yardım verilmir.

Vətəndaş K.Hüseynova isə bildirib ki, onun atasına 2012-ci ildə əmisi ev bağışladığı üçün ailə üzvləri həmin ildən bəri məcbur köçkün olmaqla bağlı dövlətdən heç bir yardım almırlar: “Elə buna görə də mənə iki ay 190 manatlıq yardım verildi”. 

Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Xidmətinin (DMX) mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, vətəndaş Kəmalə Hüseynova qeydiyyatdan keçərkən faktiki yaşayış ünvanı olaraq Ağdam rayonunu qeyd edib: “Ona görə də üçüncü ödənişi almayıb”.

K.Hüseynova isə Nəsimi rayonunda yaşadığını və müvəqqəti qeydiyyatda olduğunu DMX-nın rayon şöbəsinə bildirdiyini deyib.

Nazir Sahil Babayev həmin brifinqdə qeydiyyat zamanı texniki səhvə yol verdikləri üçün 190 manatlıq yardımı ala bilməyənlərlə bağlı məsələyə belə reaksiya verib: “Bu gün yenidən müraciətlərə başlanılsa, manipulyasiya edilə bilər və hər kəs faktiki yaşayış ünvanı kimi Bakını qeyd edə bilər. Biz qeydiyyat ünvanını yoxlaya bilirik, amma faktiki yaşayış ünvanını yoxlaya bilmirik. İndi təkrar müraciət açılsa və hər kəs yaşayış ünvanı kimi Bakını qeyd etsə, necə olacaq? Həmçinin, son 3 ayın gəlirləri barədə bəyənnamələr hələ verilməyib. Biz müraciət edən şəxslərin gəlirlərini yoxlaya bilməyəcəyik ki, bu şəxs aztəminatlı kriteriyalara uyğun gəlir ya yox. Həmçinin, həqiqətən işsiz və  aztəminatlı olan şəxslərə minimum 250 manatlıq əmək haqqı ilə ictimai işlər təklif edirik". 

Murad Əhməd