Avropada koronavirusun ən çox zərbə vurduğu ölkələrdən olan İtaliyada həyat axarına qayıdır.
“Qafqazinfo”nun məlumatına görə, İtaliya koronavirusun yayılması səbəbiylə ölkə daxilində komendant saatları tətbiq edən ilk ölkə idi. Ölkədə 2 ay müddətinə küçəyə çıxma qadağasından sonra vətəndaşlar bu gün tədricən yenidən küçələrə qayıtmağa başlayır.
Baş Nazir Cüzeppe Konte tərəfindən “virusla birlikdə yaşanılacaq dövr”olaraq adlandırılan ikinci mərhələnin bu gün rəsmi olaraq başladığı elan olunub. Konte feysbuk hesabında paylaşdığı açıqlamada ölkənin taleyinin vətəndaşların öz əllərində olduğunu, bu gündən etibarən yeni bir səhifəyə keçdiklərini, insanların bu yeni səhifəni güvən və məsuliyyətlə yazmalı olduqlarını bildirib.
İtalyanların artık küçədə məşq etməsinə və maska taxdıqları təqdirdə eyni bölgədəki qohumlarını ziyarət etməsinə icazə verilib.
Ölkədə parklar açılıb, restoranlar da paket xidmətə keçib.
Bundan əlavə, 15 iştirakçıdan çox olmamaqla cənazə mərasimlərinə də icazə verilib.
İctimai nəqliyyatda və qapalı ərazilərdə maska taxmağın məcburi olacağı ölkənin böyük şəhərlərində metro və bələdiyyə avtobusları da virusun yayılma riskinə qarşı müəyyən sayda sərnişin qəbul edir.
Bildirilib ki, 2-ci mərhələnin başlanması ilə inşaat, fabriklər və topdan ticarət sektorunda çalışan 4 milyondan çox insan işinə geri qayıdıb.
Qeyd edək ki, hökumətin 26 aprel tarixli qərarına əsasən, muzeylər, kitabxanalar mayın 18-dən, restoran, kafe və bərbərlər isə iyunun 1-dən xidmət göstərməyə başlayacaqlar.
Xatırladaq ki, İtaliyada bu günə qədər 210 717 nəfər COVID-19-a yoluxub, 28 884 nəfər ölüb. Ümumilikdə 81 654 nəfər xəstəlikdən sağalıb.


















Son xəbərlər
Son Xəbərlər