İki bacı Xocalı polisində döyülüb? - Açıqlama

İki bacı Xocalı polisində döyülüb?
Oxunma sayı: 2775

Goranboy rayonunda parkda çəkiliş edən Aygün və Əfsanə Həsənova bacıları polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını iddia edirlər.

Həmin videoda parkın baxımsız və səliqəsiz vəziyyətdə olduğu bildirilir. Daha sonra yayılan məlumatda bu halla bağlı bacılardan birinin polis şöbəsinə çağırıldığı və orada fiziki təzyiqə məruz qaldığı iddia olunub. Aygün Həsənovanın sözlərinə görə, Xocalı rayon Polis Şöbəsində ona qarşı kobud davranılıb.  O bildirib ki, hadisə zamanı eynəyi qırılıb. A. Həsənova eynəyinin Rəşad kimi təqdim etdiyi rəis müavini tərəfindən qırıldığını bildirib. Bununla bağlı səs yazısı da yayıb. Belə ki, həmin şəxsə etdiyi zəngdə ona "Sən mənə iki şillə vuranda eynəyim də qırıldı" deyib. 

Həmçinin oxuyun: Cavanşir Feyziyev ailəsinin həbs qoyulan 20 milyonluq mülklərindən danışdı

DİN Mətbuat xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini Aygün Həsənova və bacısı Əfsanə Həsənova oktyabrın 21-də qəsəbə ərazisindəki parkda çəkiliş apararaq əsassız iddialar səsləndirib və ictimai qaydanı açıq şəkildə pozublar: “Bununla bağlı Xocalı RPŞ-də müvafiq araşdırmalar başlanılıb və polis əməkdaşları həmin xanımların izahatını almaq üçün yaşadığı ünvana gəldikdə onlar qeyri-adekvat davranışlar nümayiş etdirərək polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyiblər. Onların polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialar əsassızdır və böhtan xarakterlidir. Faktla bağlı hazırda RPŞ-də araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, sözügedən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.