İki deputata bir sual

iki-deputata-bir-sual
Oxunma sayı: 2588

 

Siyavuş Novruzovun əleyhinə tez-tez yazmağıma baxmayın, mənim bu adama az-çox hörmətim var. Siyavuş müəllim əqidəsini hər gün dəyişən buqələmunlardan deyil.

Eşitdiyimə görə, 1993-cü ilin əvvəllərində milislər YAP-ın qərargahına hücum edəndə, hərə bir tərəfə qaçıb. Hətta indi icra başçısı işləyən adamlardan biri canını qurtarmaq üçün pəncərədən həyətə tullanıb. Həmin vaxt YAP-ın qərargahında qalan yeganə adam Siyavuş Novruzov olduğu üçün onu bərk döyüblər. Analoji hadisə 1993-cü ilin iyun qiyamına kimi bir neçə dəfə təkrarlansa da, Siyavuş müəllim YAP-a dönük çıxmayıb.

 Bəs, mən Siyavuş Novruzovdan niyə narazıyam? Bu stajlı YAP-çını yazılarımda tez-tez tənqid etməyimə səbəb nədir? Söhbət ondan gedir ki, Azərbaycan sürətlə dəyişir. Yuxarıların nə düşünməyindən asılı olmayaraq, aşağılar əvvəlki qaydada yaşamaq istəmirlər. Məmur özbaşınalığı siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq, hamını boğaza yığıb. Elə problemlər var ki, onu təkcə müxalifətyönlü adamlar deyil, hakimiyyətin siyasətini dəstəkləyən insanlar da dilə gətirirlər. “Bakılı oğlanlar”, ya da “Bu şəhərdə”nin qəhrəmanları AXCP üzvü, Müsavat təəssübkeşi deyillər. Amma “Bakılı oğlanlar” özlərində cəsarət tapıb, yol polisinə, vergi müfəttişinə, gömrük əməkdaşlarına vicdansız, rüşvətxor, saxtakar deyə bilirlər. Çox istərdim ki, Siyavuş Novruzov da hər kəsi öz adıyla çağırsın. Axı, “Bakılı oğlanlar”ın Cabir və Tahiri onun bir qıçı boydadırlar...

Ötən həftə jurnalist həmkarım Əvəz Rüstəmovla birlikdə Tiflisə gedirdik. Kürdəmirdə maşınımız xarab olduğu üçün ustaya müraciət etmək məcburiyyətində qaldıq. Məlum oldu ki, yanacaq mühərriki sıradan çıxıb. Satıcı məni tanıdığı, dediyinə görə, çıxışlarımı bəyəndiyi üçün 130 AZN-ə satdığı yanacaq mühərrikini bizə 120 manata təklif etdi. Bu vaxt usta köməkçisi qulağıma pıçıldadı ki, narahat olmayın, dəmir parçası ilə maşının altına bir-iki zərbə vursam, yolunuza davam edə bilərsiniz.

Səhər-səhər 120 manata qıymadığımız üçün usta köməkçisinin məsləhətinə qulaq asdıq və onun bir-iki zərbəsindən sonra mühərriki işə salıb, yolumuza davam etdik. Əvəz Rüstəmov yaxşı jurnalist, gözəl dost olmaqla yanaşı, həm də məsuliyyətli sürücü olduğu üçün Tiflisə çatan kimi avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazaya üz tutduq. Kürdəmirdə bizə tanışlıqla 120 manata təklif olunan yanacaq mühərrikini bizim pulla 39 manata alıb, neçə saatdan bəri yolumuzu gözləyən dostların evinə qonaq getdik.

“Mercedes” maşınları üçün yanacaq mühərriki Gürcüstana da, Azərbaycana da Almaniyadan gətirilir. Amma Azərbaycanda bu işlə 1, Gürcüstanda isə 101 nəfər məşğul olduğu üçün ortada bu qədər böyük qiymət fərqi var. Azərbaycanda təkcə yanacaq mühərrikinin deyil, hətta adi yumurtanın satışı ilə də ayrı-ayrı məmurlar məşğul olduğundan qonşu ölkə ilə müqayisədə bizdə qiymətlər üç-dörd dəfə bahadır.

Azərbaycanın iqtisadi inkişafı ilə öyünən Siyavuş Novruzovdan, o cümlədən, həmişə onunla eyni mövqedən çıxış edən deputat həmkarı Mübariz Qurbanlıdan soruşmaq istəyirəm: niyə bayram yaxınlaşanda ölkəmizin qərb bölgəsində yaşayan əhali Gürcüstana, cənubda məskunlaşan insanlar İrana, şimal rayonlarının sakinləri Rusiyaya, naxçıvanlılar isə Türkiyəyə bazarlıq etməyə gedirlər? Yuxarıda da qeyd etdiyimiz kimi, bunun səbəbi məmur özbaşınalığı və monopoliyadır. Cibində deputat mandatı gözdirən adam özündə heç olmasa, bir aktyor qədər cəsarət tapıb, bu barədə danışmalıdır. Əgər Syavuş Novruzov Milli Məclisin iclaslarında cəmiyyəti narahat edən bu problemləri qaldırsa, mənim ona hörmətim artar...