2002-ci ildə Rəfael İsgəndərov və Coşqun Rəhimovun iştirakı ilə çəkilən “Gəlinlər” televiziya tamaşasına əksəriyyətimiz baxmışıq. Bu ekran əsərində diqqətimi ən çox cəlb edən məqam evdəki söz-söhbətdən bezən Fikrətin ata yurdunu xaraba adlandırmasıdır. Tamaşada ona ən çox təpki göstərən obraz anası Şərəf xanımdır. Böyüyüb boya-başa çatdığı evə xaraba dediyi üçün ana oğlunu bərk danlayır. Və sözsüz ki, düz edir!
Aydın məsələdir ki, 13 il əvvəl çəkilmiş bu tamaşanı təsadüfən xatırlamadım. Ötən gün Qazaxdakı “Sınıq körpü” buraxılış məntəqəsində Azərbaycana keçmək üçün növbə gözləyən yüzlərlə insanın dilində ancaq lənətə gəlmiş xaraba sözü vardı. Hətta ən səbirli adamlar da iki-üç dəqiqədən bir bu sözləri təkrarlayırdılar: “Yenə bu xarabaya gəldik”.
Bilirəm, indi hamınızı ancaq bir sual maraqlandırır: görəsən, gözəl vətənimizin insanların gözündə xarabaya çevrilməsinə səbəb nə olub? Gürcüstana gedib-gələnlər bilir, bilməyənlər üçün də mən yazım: Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin “Sınıq körpü” buraxılış məntəqəsində xidmət aparan əməkdaşlarının yarıtmaz fəaliyyəti sadə insanları bezdirib. Dünən “Sınıq körpü”də ən azı 300-400 nəfər Azərbaycana keçmək üçün növbə gözləyirdi. Hansı ki, həmin insanlar Gürcüstan tərəfdə heç bir problemlə üzləşməmişdilər. Qırx dərəcə istidə saatlarla günün altında qalan insanların hansı suçun sahibi olduqlarını hələ də anlaya bilmirəm. Bu süründürməçiliyə səbəb nədir? Doğrudanmı, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin ərazidə xidmət aparan əməkdaşları sadə vətəndaşları, o cümlədən, ölkəmizə gələn turistləri təhqir etməkdən, alçaltmaqdan zövq alırlar? Bu ağlın, təfəkkürün sahiblərini kim işə götürüb? Kim onların çiyninə ulduz taxıb?
Bəlkə də diqqətli oxucular xatırlayırlar, iki il əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə açıq məktub yazmışdım. Həmin yazıda araşdırılması vacib olan xeyli fakt vardı. Təəssüf ki, həmin vaxt hörmətli generalın tükü də tərpənmədi. İndi də Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə müraciət etməyə hazırlaşıram. Ondan xahiş edəcəm ki, əməkdaşlarının iş vaxtı mobil telefonla danışmağına qadağa qoysun. Hələlik isə hər iki generala bir sualım var: niyə mən Türkiyə sərhəddini 5, Gürcüstan sərhəddini 15 dəqiqəyə keçdiyim halda Azərbaycan sərhəddində ən azı 3-4 saat gözləməliyəm? Türkiyəni qoyaq bir kənara, başqa vaxt bəyənmədiyimiz Gürcüstanın təcrübəsini Azərbaycanda tətbiq edə bilməzsinizmi? Yaxşı, siz nəyi bilirsiniz?
Yəqin, oxucular da mənimlə razılaşar ki, tezliklə bu rüsvayçılığa son qoymaq, sərhəddə qayda-qanun yaratmaq lazımdır. Çünki vətən sərhəddən başlanır. Heç bir məmurun, hətta çiyinlərində general ulduzları gəzdirən adamların da vətənə xaraba dedirtməyə haqqı yoxdur!
Son xəbərlər
Son Xəbərlər