İki icra hakimiyyətinin birgə layihəsi davam etdirilir - Fotolar

iki-icra-hakimiyyetinin-birge-layihesi-davam-etdirilir
Oxunma sayı: 2361

Abşeron Rayon və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsünün davamı olaraq Abşeron rayonundan bir qrup şəhid ailəsi və qazi Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərində yeni istifadəyə verilmiş “Park Naftalan”da müayinə olunduqdan sonra müalicəyə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, Naftalan ŞİH-nin başçısı Müalicə Mərkəzində Şəhid ailələrini və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə yaxından tanış olub, müalicə prosesi ilə maraqlanıb. Daha sonra onlarla görüş zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı xalqımızın birliyindən, həmrəyliyindən danışaraq qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının ailələri, övladları, Qarabağ müharibəsi əlilləri və iştirakçıları onların ailə üzvləri daim ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin, birinci vitse-prezidentimiz Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.

Şəhid ailələri və qazilər Müalicə Mərkəzində onlara göstərilən xidmətlərdən, bu cür layihələrin təqdirəlayiq olduğundan söhbət açaraq ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda Naftalan ŞİH tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Abşeron Rayon və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə layihəsinin davamı olaraq şəhid ailələri və qazilərin Naftalanda fəaliyyət göstərən Müalicə və Sağlamlıq Mərkəzlərində istirahəti və müalicəsi sosial və xeyirxahlıq missiyası çərçivəsində il ərzində davam etdiriləcək.