İki min pul verib bilet aldı- - Konsert isə təxirə düşdü

iki-min-pul-verib-bilet-aldi-
Oxunma sayı: 2604


“Qafqazinfo”ya vəkil Vamiq Şükürov göndərdiyi məktubda bildirilir ki, Rafet El Romanın konsertinə 2 min manatlıq bilet alan Ramin İbadov adlı vətəndaşın pulu qaytarılmır: 

“Nahid Emiloğlunun təşkilatçılığı ilə iyunun 7-si 2014-cü il tarixində türkiyəli müğənni Rafet El Romanın Ramada Baku otelində konsert verəcəyini internetdən öyrəndim. Elan mətnində yerləşdirilən 050 509 00 34 nömrəli telefon nömrəsi ilə əlaqə saxladım. Telefon zənginə cavab verən xanım Yasamal rayonunda Statistika Komitəsinin yanında yerləşən ofislərindən biletləri ala biləcəyimizi dedi. Həmin gün onların ofisinə gedərək 1 nəfər 200 manat olmaqla 10 nəfərlik stol sifariş etdim və 2.000 (iki min) manat ödəyərək 10 bilet aldım. İyunda 7-də konsertin keçirilməsi təxirə salındı. Təşkilatçılar zəng edib bildirdilər ki, konsert 28 və ya 29 iyunda keçiriləcək. Növbəti dəfə zəng edib dedilər ki, konsert Ramazan ayına düşdüyünə görə iyunun 25-nə təxirə salındı. Lakin 25 iyunda konsert keçirilmədi. 

Yenidən təşkilatçılarla əlaqə saxladım. Onların dediklərindən belə məlum oldu ki, təşkilati problemlər çıxdığına görə müğənni Bakıya gələ bilmir, konsert təxirə salındı, yaxın vaxtlarda görüşüb pulu çatdıracaqlar.

Biletin pulları qaytarılmadığına görə mənə bilet satan 0505090034 telefon nömrəsinə zəng edərək bileti qaytarmağı xahiş etdim. Mənə bildirdilər ki, biletin satışından əldə olunmuş pullar müğənninin Türkiyədəki bank hesabına ödənilib, çox yaxın zamanda pul vəsaiti onların hesabına ödənildikdən sonra bilet pulları qaytarılacaq. 

Daha sonra həmin nömrə zənglərimə cavab vermədiyinə görə konsertin keçirilməsi barədə rəsmi məlumat verən www.sesmusic.net saytında yerləşdirilmiş 0505109626 telefon nömrəsi ilə əlaqə saxladım. Dəfələrlə bu nömrə ilə danışdım, zənglərə cavab verən xanım dedi ki, yaxın günlərdə Qəbələdə başqa bir konsert keçirib əldə olunmuş pulla borclarını qaytaracaqlar. Halbuki bundan əvvəl danışdığımız nömrədən (0505090034) deyirdilər ki, müğənninin Türkiyə bank hesabına ödənilmiş pullar geri qaytarıldıqdan sonra bilet pulları ödəniləcək. Beləcə aldadıldığımızı gördükdə 0505109626 telefon nömrəsi ilə danışan xanıma hüquq mühafizə orqanlarına müraciət edəcəyimizi bildirdik. Bundan sonra 050 215 38 78 nömrədən bir nəfər zəng edərək şikayət etməməyi, 3 günə pulu qaytaracağını bildirdi. 3 gündən sonra isə 050 204 10 24 nömrədən zəng edən konsertin təşkilatçısı Nahid Emiloğlu iyulun 31-də pulun ödəniləcəyini və şikayət etməməyimizi xahiş etdi. 31 iyul və daha sonralar Nahid Emiloğlu zənglərimizə cavab vermədi. 

Bilet alan insanların narahatlıqlarını dilə gətirən media orqanlarına müsahibə verən Nahid Emiloğlu bildirmişdi ki, konsert sentyabrda baş tutacaq.

Proqramın təxirə salınmasına səbəb məkan dəyişikliyi olub. Nəzərdə tutulan konsert daha böyük bir yerdə - "Yaşıl Teatr”da keçiriləcək”. 

Halbuki, bundan əvvəlki müsahibələrində viza məsələsində problemə görə konsertin təxirə düşdüyünü deyirdi. 

Artıq konsertin keçirilməsi barədə rəsmi məlumat verən www.sesmusic.net saytı da işləmir. 

Yuxarıda göstərilənlərdən açıq-aşkar görünür ki, bilet alan şəxslər aldadıldılır, onların verdikləri pullar mənimsənilir”.

Könül