İki ölkə arasında müharibə elan olundu

iki-olke-arasinda-muharibe-elan-olundu
Oxunma sayı: 652

Koreya yarımadasında yenə müharibə küləkləri əsir. Şimali Koreya şənbəyə keçən gecə qonşusu Cənubi Koreyaya müharibə elan edib. Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat yayıb ki, Cənubi Koreya ilə münasibətləri “müharibə vəziyyətinə” keçir və iki ölkə arasındakı bütün problemlər bu vəziyyətə uyğun həll olunacaq. Məlumatda qeyd olunur ki, Koreya yarımadasındakı nə hərb, nə sülh vəziyyəti sona çatır. İki ölkə sərhədindəki istənilən təxribat genişmiqyaslı münaqişə və nüvə müharibəsinə səbəb olacaq.

Cənubi Koreya qonşusunun bəyanatına soyuqqanlı yanaşıb. Seuldan bildiriblər ki, bu, yeni hal deyil. Kim ordusu ABŞ və Cənubi Koreyanın birgə təlimmləri zamanı “döyüş hazırlığına” keçir.

Şimali Koreyanın müharibə hədəsinə NATO-dan da cavab gəlib. Alyansın baş katibinin müavini Aleksandr Verşbou bildirib ki, Şimali Koreya özünün təhdid bəyanatları və hərbi ritorikası ilə bütün dünyaya tanışdır. “ABŞ və onun müttəfiqləri istənilən təhlükəni dəf etmək üçün ciddi potensiala malikdir” deyən Verşbou NATO-nun da hər an müharibəyə müdaxilə etməyə hazır olduğunu qeyd edib.

“Əlbəttə, hər an hər bir şey gözləməyə dəyər. Xüsusilə də, Şimali Koreyanın belə gənc və işləri düzgün aparmağı bilməyən rəhbərinin olduğu bir vaxtda. Buna görə də müharibə təhlükəsini istisna etmək olmaz. Şimali Koreya artıq ABŞ-dan cavabını alıb ki, istənilən təxribata adekvat cavab veriləcək”, - deyə NATO rəsmisi bildirib.