“İki sahil” - 25

iki-sahil
Oxunma sayı: 1438

Əsrin dörddə birini geridə qoyan “İki sahil” qəzetinin bu gün 25 yaşı tamam olur.

“Qafqazinfo” xəbər verir ki, “İki sahil” qəzeti kifayət qədər çətin tarixi bir şəraitdə- 1990-1991-ci illərdə Azərbaycanda xaos, anarxiyanın hökm sürdüyü zamanda yaranıb. Ölkəmiz həmin illərdə sovetlər birliyinin dağılması və müstəqil dövlət quruculuğu proseslərini yaşama ərəfəsində idi. Respublikada özbaşınalıq, mətbuata təzyiqlər, azad sözün boğulması adi hala çevrilmişdi. Məhz bu dövrdə nəşrə başlayan “İki sahil” bütün çətinliklərə baxmayaraq, dövlətçilik və milli maraqlar uğrunda əzmlə mübarizə aparır, oxucuları doğru, dəqiq informasiya ilə təmin edirdi.

“İki sahil” qəzetinin 25 illik yubileyinin Azərbaycanın 25 illik müstəqillik tarixi ilə üst-üstə düşməsi mühüm hadisədir. Qəzet hər zaman mətbuatın qarşısında dayanan peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təbliğatçısına çevrilib.

“İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən mətbuat orqanı olaraq daim səhifələrində ölkənin dinamik inkişafına stimul verən iqtisadi tərəqqini, bu inkişafı şərtləndirən amilləri, xüsusilə Azərbaycanı dünyada tanıdan və ölkəmizin enerji bazarındakı mövqeyini möhkəmləndirən neft-qaz layihələrilə bağlı yenilikləri ətraflı şəkildə oxuculara çatdırır.

Ötən dövrdə qəzetin əməkdaşları “Əməkdar jurnalist” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.