“İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü 1991-ci il 10 iyul tarixindən 33 il ötür.
Qəzet Azərbaycan üçün ən çətin dövrlərdə həyata vəsiqə alıb, həmin dövrün reallıqlarını ictimaiyyətə çatdırıb, öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb.
“İki sahil” öz səhifələrində reallıqları olduğu kimi oxuculara çatdırıb, zamanın bütün çətinliklərinə, təzyiqlərinə rəğmən, qarşısına qoyduğu məqsədə doğru inamla addımlayıb, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib. Bu gün azad sözə, fikrə dəyər qəzetin fəaliyyətində özünün aydın ifadəsini tapır.
Qəzetin fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri Azərbaycanın dövlət quruculuğu prosesinin bütün mərhələlərini öz prinsiplərinə müvafiq əks etdirməsidir. Müasir dövlət quruculuğu prosesləri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə dolğun şəkildə əks etdirilir.
Qəzetin “ikisahil.az” internet saytı, "İki sahil TV" internet televiziyası uğurla fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara və izləyicilərə çatdırılır.
“Qafqazinfo” kollektivi adından həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik!