İkimərtəbəli qatarların özəllikləri- - Sumqayıta 40 dəqiqə+Fotolar

ikimertebeli-qatarlarin-ozellikleri-
Oxunma sayı: 5481


“Qafqazinfo”nun məlumatına görə, bu gün dövlət başçısına məlumat verilib ki, Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə yenidən qurulur. Birinci hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42, ikinci - Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir. Yolun 55 kilometrdən çox hissəsində yenidənqurma işləri artıq başa çatdırılıb. İndiyədək 95 min kubmetr torpaq işləri görülüb, 28 dəst yoldəyişən qurğular yeniləri ilə əvəzlənib. Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulur.

Prezident qatarlar haqqında da məlumatlandırılıb. “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş “KISS” markalı elektrik qatarlarının hər birində 4 vaqon var. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır. İkimərtəbəli elektrik qatarları birinci Avropa Oyunları zamanı Bakı sərnişin stansiyası ilə metronun “Koroğlu” stansiyası arasında fəaliyyət göstərəcək, sonralar isə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadəyə buraxılacaq. Yeni dəmir yolu xəttində dayanacaqlar nəzərə alınmaqla qatarların orta sürəti saatda 63 kilometr təşkil edəcək.

Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma işlərindən sonra bu vaxt 40 dəqiqə olacaq. Bakı-Zabrat-Sumqayıt xətti üzrə isə hazırda qatarlar mənzil başına 1 saat 29 dəqiqəyə çatır. Lakin yenidənqurmadan sonra vaxt fərqi 52 dəqiqəyə enəcək. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra yolun Bakı-Biləcəri-Sumqayıt hissəsində 3 - Keşlə, Biləcəri, Xırdalan və Bakı-Zabrat-Sumqayıt hissəsində isə 5 - “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarının olması nəzərdə tutulur.

Sutka ərzində bu dəmir yolu ilə 30-35 min sərnişinin daşınması proqnozlaşdırılır.