“Mən həyat yoldaşım Ürfanla məktəbin son iki sinfində bir yerdə oxumuşam. O, orta məktəbi bitirəndən sonra Türkiyədə hərbi məktəbə, mən isə burada filologiya ixtisasına qəbul olundum. Neçə ildən sonra qarşılaşdıq, ailə qurduq, iki övladımız oldu. İkinci dəfə dünyaya gəlsəydim, baxmayaraq ki, axırı belə oldu, yenə də Ürfanla ailə qurardım. Çünki çox şərəfli insan olub, indi elə insanlar azdır. Biz onlara sağlığında dəyər verməliyik...”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri şəhid Ürfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə II Fəxri Xiyabanda Aprel döyüşləri zamanı şəhid olan pilotlar - mayor Ürfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım mərasimində bildirib.
Həyat yoldaşının Vətən, millət sevgisindən danışan K. Vəlizadə bildirib ki, illər keçsə də xalq öz şəhidlərini unutmur: “Bu gün artıq beş il tamam olur. Onlar unudulmayıblar, bizim xalqımız şəhidlərimizi heç zaman unutmaz. Sevinirik ki, bu 44 günlük müharibədə onların qisası alındı. Prezidentimiz başda olmaqla, ordumuz zəfər çaldı, torpaqlarımız azad olundu. Düzdür, çox ağır itkidir, amma bütün şəhidlərin yaxınları qürur hissi duyurlar ki, onlar Vətən uğrunda şəhid oldular. Çalışırıq ki, övladlarımızı öz atalarına layiq böyüdək. Düzdür, mənə indiki zamanda təkbaşına iki övlad böyütmək çətindir, amma sevinirəm ki, övladlarım elə bir insanın övladlarıdır. Onlar da çalışırlar ki, atalarına layiq olsunlar, gələcəkdə adını uca eləsinlər. Bütün anaların qarşısında belə oğullar böyütdükləri üçün baş əyirəm”.
Ü. Vəlizadənin böyük qızı Zəhra isə atasını belə xatırlayır: “Atam şəhid olanda mənim 8 yaşım var idi. Elə bizim ad günümüzü keçirdi və müharibəyə getdi. Mən onu vətənpərvər, zarafatcıl, gülərüz insan kimi xatırlayıram. İşdən yorğun gəlsə də, bizimlə söhbət edərdi, bizə tarixdən, qəhrəmanlardan danışırdı. Vətən sevgisini biz ondan öyrənmişik. Fəxr edirəm ki, onun qızıyam”.
Şəhid pilot Təbriz Musazadənin anası Tovuz Musazadə bildirib ki, oğlu öz yolunu özü seçib:
“Allah şəhidlərimizin hamısına rəhmət eləsin, yerləri cənnət olsun! Onlar öz yollarını özləri seçdilər. Təbriz elə uşaqlıqdan hərb sahəsini sevirdi. Təyyarəçi olmaq istədiyini biləndə etiraz etdim, amma mənimlə razılaşmadı. Sənətini, xalqını sevdiyinə görə getdi. Sonuncu dəfə onunla aprelin 1-də danışdıq. İşimiz var idi, mənə dedi özünüz həll edin, bu gecə də gəlməyəcəyəm. Son sözü bu oldu, aprelin 2-si şəhid oldu. Torpağını, millətini, bayrağını bizdən çox sevib. Bayrağa da bükülüb gəldi...”
Əbu Bəkir İsmayılovun anası Rəna İsmayılova da digər şəhid anaları kimi torpaqlarımızın azad olunması, şəhidlərimizin qisasının alınması ilə təsəlli tapır. Onun sözlərinə görə, aprel ayı ən ağrılı ay olsa da, bu ilin apreli bir qədər fərqlidir:
“Çünki torpağımız azad olunub, şəhidlərimizin arzusu yerinə yetib, onlar bu torpaq uğrunda qan töküb, can veriblər. Əbu Bəkir cavan getdi, cəmi 26 yaşı var idi, 6 ay idi ki, evlənmişdi. Lələtəpəni azad edərkən şəhid oldu. Oğlumun arzuları yarım qaldı. Amma həmişə deyirdim ki, bir arzusu - Qarabağımızın azadlığı gerçək ola bilər. Şükürlər olsun ki, o arzu həyata keçdi. Böyük sərkərdəmizin səyi ilə, hərbçilərimizin, şəhid olan balalarımızın, qazilərimizin səyi ilə... Onların sayəsində başıuca yaşayırıq. Bütün analar da mənim kimi bundan sonra balalarımızın yanına üzüağ gedəcəyik. Şəhid oğullarımız başımızı uca elədilər”.
Gülnar Əliyeva
Foto-Video: Nuran Məmmədov










