Üç il əvvəl qatıldığım televiziya proqramlarının birində tanınmış yazıçı həyat yoldaşı ilə konfliktdə olan gənc qadının üstünə qışqırdı: “Sənin qürurun yoxdur?! Səni söyən, incidən adamla bir damın altında necə yaşıyırsan? Məsləhətim budur ki, günü sabah o kişidən boşan”.
Veriliş başa çatandan sonra biz bir yerdə studiyanı tərk etdik. Mən redaksiyaya, o isə şəhərin mərkəzində yerləşən evinə getdiyi üçün ətraflı söhbət etmək imkanımız oldu. Yolda qızı telefon açıb, həyat yoldaşının kobudluğundan atasına şikayət etdi. Qulağıma pambıq tıxamadığım üçün ata ilə qızın söhbətindən az-çox xəbər tuta bildim. Məlum oldu ki, kürəkən nəinki həyat yoldaşını, hətta onun tanınmış yazıçı olan atasını da tez-tez “yağlı” söyüşlərə qonaq edir. Mərkəzi Bankın qarşısında maşından enmək üçün həmin yazıçıya işarə edəndə, o, qızına belə deyirdi: “A qızım, qoy, gündə lap yüz dəfə məni söysün. Hər xırda söz-söhbətə görə ailə dağıtmaq olmaz. Ağlını başına yığ, otur ərinin xarabasında”.
Yadıma həmin yazıçının bir saat əvvəl studiyada gənc qadına verdiyi “məsləhət” düşdü. Tanınmış ziyalımızın bu hərəkəti mənə o qədər pis təsir etdi ki, yanımdan ötüb-keçən adamlara məhəl qoymadan onun arxasınca asıb-kəsməyə başladım: “Ay vicdansız, ailə dağıtmaq belə asandırsa, bunu öz qızına niyə məsləhət görmürsən?!”
Ötən il bu vaxt yenə özəl telekanalların birində çəkilişdə idik. Valideynləri tərəfindən sevdiyi oğlanla ailə həyatı qurmağa icazə verilmədiyi üçün intihara cəhd edən bir qızın taleyi müzakirə olunurdu. Məndən başqa, hamı qızın anasının üstünə düşüb, onu asıb-kəsməklə məşğul idi. Zavallı qadın ciddi-cəhdlə özünə haqq qazandırmağa çalışırdı: “Oğlanın nə evi var, nə də maşını. Üstəlik, heç bir yerdə işləmir. Otuz qəpik verib, evinə gündə bir çörək ala bilməyən adama mən necə qız verim?”
İnstitut direktoru işləyən bir professor həmin qadının üstünə şığıdı: “Sənin tamahkarlığın gəncləri bədbəxt edə bilər. Sevgi olan yerdə aclığa da, kasıbçılığa da qalib gəlmək mümkündür”.
Jurnalist marağı güc gəldiyi üçün ertəsi gün həmin institut direktorunun ailə vəziyyətini araşdırmağa başladım. Məlum oldu ki, efirdə azad sevgini təbliğ edən hörmətli professorumuz iki qız atasıdır. Böyük qızını iki il əvvəl bir prokurorun oğluna ərə verib. Kiçik qızını isə çəkilişdən üç gün əvəvl DİN-də məsul vəzifə tutan bir polis polkovnikinin oğlu ilə nişanlayıb. Qatıldığı televiziya proqramlarında saf eşqdən, təmiz sevgidən dəm vuran tanınmış ziyalımızın hər iki qızının öz ülvi məhəbbətini vəzifəli şəxslərin övladlarının timsalında tapması nədənsə mənə şübhəli göründü...
Ziyalının sözü ilə əməli üst-üstə düşmədiyi üçün xalq ona inanmır. Və məncə, düz edir. Çünki əsl ziyalının bir sifəti olmalıdır. Ziyalı dovşan deyil ki, hər dəfə fəsillər dəyişəndə o da rəngini dəyişsin...