İlan sancmış 3 yaşlı Emin sağaldı - Foto

ilan-sancmis-3-yasli-emin-sagaldi
Oxunma sayı: 2485

İlan sancması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 3 yaşlı körpə uzun sürən mübarizədən və müalicədən sonra sağalaraq evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəstəxanaya daxil olarkən kəskin halsızlıq, ödəm, hemodinamik göstəricilər və qanında bəzi dəyişikliklər olan 2019-cu il təvəllüdlü Emin Niftəliyev üçün artıq heç bir həyati təhlükə yoxdur.

Xəbəri rus dilində oxuyun: Владелец NeoKart выиграл автомобиль в лотерее!

Xəstəxanaya gətirilərkən körpənin bədəninin təxminən yarıya qədərinin şişdiyini bildirən nənə Gülər Niftəliyevanın sözlərinə görə, hadisə aprelin 28-də Ağdaş rayonunda taxıl sahələrinin birində baş verib və sahədə oynayan körpəni ilan sancıb: “Emin ferma ərazisində taxıl əkilmiş ərazidə bacısı ilə oynayırdı. Bir də baxdım ki, ağlaya-ağlaya gəlir. Uşağı götürüb tez atasının yanına qaçdım. Baxdıq ki, ayağından ilan sancıb. Atası ilan sancan nahiyənin yuxarı hissəsindən körpənin ayağını bərk bağladı. Sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Nəvəm orada ilkin tibbi müayinə edildikdən sonra təcili tibbi yardım maşını vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirildi. Açığı desəm, artıq uşaqdan əlimizi üzmüşdük. Bura çatanda bədəni yarıya qədər şişmişdi. Buradakı həkimlərin sayəsində bu gün o körpə sağdır. Çox ağır vəziyyətdə olan Emini həyata qaytardılar”.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-terapevti Tünzalə Daşdəmirovanın sözlərinə görə, körpə vaxtında çatdırılmasa və buradakı tibbi müdaxilələr olmasa idi, nəticə tam fərqli olardı: “Xəstə 29 apreldə şöbəyə daxil olub, çox ağır vəziyyətdə idi. Xəstəyə aparılan zərdab və simptomatik müalicədən 3 gün sonra müəyyən dinamika hiss edildi. Hazırda xəstənin ümumi vəziyyətini kafi qiymətləndirmək olar. Toksikoloji baxımdan hər şey normadadır”.