“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev Heydər Əliyevin SSRİ nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri zamanı burada keçirdiyi görüşlərin əks olunduğu fotolara baxıb.
Sonra vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrlə görüş keçirilib.
Görüşü açan Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq Prezident İlham Əliyevə bu görüşə gəldiyinə görə təşəkkür edib. Bildirib ki, bir vaxtlar Azərbaycanda ali təhsil alan bu insanlar indi ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında fundamental rol oynayırlar.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev bu görüşdən məmnun olduğunu bildirib. Qeyd etdi ki, vaxtilə Bakıda ali təhsil alan tələbələr bu gün ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayırlar. “Azərbaycanda Vyetnama hər zaman böyük münasibət olub”, - deyən dövlət başçısı Heydər Əliyevin sovet rəhbərliyində təmsil olunarkən Vyetnama səfər etdiyini, bu gün isə özünün dövlət səfərinə gəldiyini vurğulayıb. Bütün bunların da ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini bildirib.
Bu gün Azərbaycan ilə Vyetnamın siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində yaxşı əməkdaşlıq qurduqlarını deyən Prezident İlham Əliyev ölkəmizin tolerant ölkə olduğunu da diqqətə çatdırıb.
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, 20 ildir davam edən bu işğalın bölgədə sülh və təhlükəsizliyə təhdid olduğunu bildirib.
Prezident İlham Əliyev ölkəmizdə sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən tədbirlərdən danışıb, təhsilin inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyev neft-qaz sektoruna qoyulan sərmayələrdən danışdı, bu sahədə Azərbaycan ilə Vyetnam arasında yaranıb inkişaf edən əməkdaşlığın uğurlu olduğunu bildirib.
Sonra vaxtilə Azərbaycanda ali təhsil alan vyetnamlı tələbələr çıxış ediblər. Vyetnamın müxtəlif regionlarından bu görüşə gələn məzunlar çıxışlarında Bakı ilə bağlı xatirələrini bölüşeblər. Azərbaycanda aldıqları təhsilin hazırda onların karyerasında mühüm rol oynadığını bildiriblər. Onlar Vyetnamda da vaxtilə azərbaycanlı kadrların işlədiyini, onların bu ölkənin neft-qaz sektorunun inkişafında mühüm rol oynadıqlarını qeyd ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Son xəbərlər
Son Xəbərlər