“İlham Əliyev buna imkan vermədi”

ilham-eliyev-buna-imkan-vermedi
Oxunma sayı: 3421


A.Həsənoğlu bu mənada ölkə rəhbərinin prinsipial mövqeyinə diqqət çəkdi: “Cənab  prezidentin  bu  barədə xüsusi bəyanatı var: heç  bir ölkənin  sərhədi   həmin  ölkənin  razılığı  olmadan dəyişdirilə bilməz. Bu,  siyasi  iradənin  davamı  və  təsdiqi kimi BMT-dəki son  səsvermə  ölkəmizin prinsipial  mövqeyini çox dəqiqliklə  ifadə  edir”. Azərbaycan hakimiyyətinin mövqeyini “ehtiyatlı” sayan ekspertlərin dediklərinə gəldikdə, A.Həsənoğlu fərqli düşünür: “Bu cür ancaq heç  bir  məsuliyyət  hissi olmayan, dövlət, xalq qarşısında heç  bir  cavabdehlik daşımayan  insanlar düşünə  bilərlər.  Dövlət müstəqilliyinin yükü və  xalqın   taleyi ölkə  rəhbərliyinin çiyinləri  üzərindədir. Əlbəttə  ki, belə vəziyyətdə soyuqqanlı  və  ehtiyatlı olmaq vacibdir. 

Qıcıq doğuran bəyanatlar verməyə,  ucuz  və  müvəqqəti  reytinqə hesablanmış addımlar  atmağa  heç  bir  ehtiyac  yoxdur. Emosional  qərarlar  heç  bir  dövlətə  uğur    qazandırmır, onun xalqına  rifah  gətirmir.  Biz dəfələrlə xarici  ölkələrin timsalında belə faktların şahidi  olmuşuq. Düşünülməmiş, populist addımlar atıb sonra  həyəcanlanaraq  milyonlarla  tamaşaçının  gözü önündə qalstukunu  çeynəyən  dövlət  başçısı ölkəsinə fayda verə bilməz. Elə Ukraynanın  özündə  rus  diliylə bağlı statusun tələm-tələsik  ləğv edilməsi qərarını da  heç cür başa düşmək, izah  etmək  olmur”. Eks-deputat deyir ki, biz qarmaqarışıq bir regionda  yaşayırıq və hazırda çox həssas  bir dönəmə daxil  olmuşuq: “Onu da nəzərə alaq ki, beynəlxalq  hüquq  demək  olar ki, öz əhəmiyyətini itirib. Beynəlxalq  təhlükəsizlik sistemi böhran içindədir, funksiyasını yerinə yetirə  bilmir. Bizi bu mürəkkəb situasiyadan yalnız rasional düşüncə  sağ-salamat və itkisiz çıxara bilər. Təqdir olunasıdır ki, dövlət  başçısının respublikanın  təhlükəsizliyi  ilə  bağlı həyata  keçirdiyi tədbirlər bütünlüklə rasional düşüncə üzərinə  köklənib”.

Son günlər mətbuatda ölkə  daxilində başqa dövlətə məxsus təxribat ocaqlarının mövcudluğu, hətta onların təşkilatlanması, fəallaşması, “beşinci kolon” və s. haqda yazılanlara reaksiya verən A.Həsənoğlu dedi ki, onun bu barədə dəqiq məlumatı yoxdur: “Ola da bilər ki, yaranmış mürəkkəblikdən yararlanmağa çalışanlar tapılsın. Hansısa təxribat ocaqları da mövcud ola bilər. Ancaq əsas məsələ bu cür ocaqların alovlanmağa  imkan verilmədən zərərsizləşdirilməsindədir. Azərbaycan  dövləti də məhz elə bu üsulla fəaliyyət göstərir, vaxtında və  məqamında tədbirlər görülür. İndi bütün dünya Krımın işğal olunmasından  danışır. 

Reallıqda isə yarımada  və Sevastopol hələ neçə il əvvəl Rusiya qoşunlarının nəzarətində idi. Son addım isə sadəcə olaraq bu işğalın elan olunması və rəsmiləşdirilməsi aktı idi. Deməli, səhv müstəqil dövlətin ərazisində xarici hərbi bazaların yerləşməsinə razılığın verilməsində idi ki, bu da öz acı nəticəsini verdi. Bizdə isə belə bir təxribat ocağı artıq tarixə çevrilmiş Qəbələ  RLS ola bilərdi. Azərbaycan prezidentinin uzaqgörənliyi sayəsində bizim müstəqillik obrazımıza təhdid mənbəyi olan bu hərbi hissə ”ətraf  mühitin  ekologiyasını təhdid edir" adı altında bir il bundan qabaq ləğv edilib köçürüldü. Hesab edirəm ki, bu, İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətidir".