İlham Əliyev çinli katibi qəbul edib

ilham-eliyev-cinli-katibi-qebul-edib
Oxunma sayı: 706

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qafqazinfo” xəbər verir ki, İlham Əliyev Menq Jianzun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib, bu səfərin iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi işinə töhfə verəcəyini deyib.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən xüsusi nümayəndə Menq Jianzu Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Azərbaycana səfərə gələn nümayəndə heyətinin tərkibinə Çinin bütün hüquq mühafizə, təhlükəsizlik orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbər nümayəndələri daxildir: “Heydər Əliyev sözün əsl mənasında Azərbaycan xalqının ümummilli lideridir. Siz onun siyasətini uğurla davam etdirirsiniz. Azərbaycanda Sizin rəhbərliyinizlə iqtisadiyyat sürətlə inkişaf edir, ictimai-siyasi sabitlik tam təmin olunub, əhalinin əhval-ruhiyyəsi yüksəkdir”.

Dövlət başçısı Azərbaycandan keçərək Çindən Avropaya dəmir yolu ilə yük daşınması sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğunu vurğulayıb və bu sahədə fəal iş aparıldığını deyib. Azərbaycan ilə Çin arasında terrorizm, ekstremizm və separatizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan İlham Əliyev ölkəmizin erməni terrorizmi və separatizmi ilə üzləşdiyini bildirib və qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyanada keçirilən son görüşün nəticələri müzakirə olunub..