Fevralın 3-də Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AzərTac-a müsahibəsində dövlət başçısının bu təşəbbüsünü şərh edib.
Bu il Azərbaycanda ölüm cəzasının ləğv olunmasının 25-ci ildönümünün qeyd edildiyini bildirən F.Ələsgərov Prezidentin yeni təşəbbüsünün yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini nümayiş etdirdiyini qeyd edib: “Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılmış humanist siyasət nəticəsində 1993-cü ildən ölüm cəzasının icrasına moratorium tətbiq olunub, əfv və amnistiya institutları bərpa edilib, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm addımlar atılıb. Ölüm cəzasının ləğv edilməsi təşəbbüsü həmin siyasətin ən bariz nümunələrindən biri olub”.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 57 mindən çox şəxsə şamil edilib, imzaladığı əfv sərəncamları 5900-ə yaxın şəxsi əhatə edib. Eyni zamanda, cinayət qanunvericiliyində edilmiş konseptual dəyişikliklər nəticəsində bir çox əməl dekriminallaşdırılıb, şəxsin cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib.
“Ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq, 2023-cü il fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verib. Bu addımla dövlətimizin başçısı yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini bir daha nümayiş etdirib”, - F. Ələsgərov əlavə edib.