İlham Əliyev Özbəkistanda tarixi abidələrlə tanış oldu - Video+Yenilənib

ilham-eliyev-ozbekistanda-tarixi-abidelerle-tanis-oldu
Oxunma sayı: 3932

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

İçan-Qala barədə dövlət başçısına məlumat verilib.

Bildirilib ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.

Qeyd edilib ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.

Muzeydə, həmçinin Xivə xanlığının tarixi barədə nəşrlər nümayiş etdirilir.

Muzeyin əsas işi eksponatların toplanması, onların öyrənilməsi, nümayişi və abidələrin mühafizəsindən ibarətdir.

***

Prezidentlər, həmçinin Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

Saray kompleksi barədə dövlət başçılarına məlumat verilib.

Bildirilib ki, əzəməti və gözəlliyi ilə məşhur olan “Nurullaboy” saray kompleksi Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilib. Dörd hissədən ibarət saray kompleksinə ümumilikdə 100-dən çox zal və otaq, o cümlədən mərasim və məhkəmə zalları, yaşayış binaları və mədrəsə daxildir. Saray kompleksindəki bütün tikililər uzunluğu 650 metrdən çox olan güclü istehkamla əhatə edilib. Qala divarı üzərində yarımdairəvi qüllələr ucaldılıb. Rusiya imperatoru II Nikolay kompleksin tikintisi başa çatdıqdan sonra saraya iki çilçıraq və kiçik bir elektrik stansiyası bağışlayıb.

“Nurullaboy” sarayı milli və Avropa memarlıq üslublarının vəhdəti əsasında inşa olunub. Bu da həmin dövrdə şəhərsalma sahəsində üstünlük təşkil edən üslubla əlaqədardır. Qızılı və rəngli rəsmlərlə örtülmüş məşhur Xivə oymaları sarayın cəlbediciliyini daha da artırır.

Saray kompleksində daimi rəsm sərgiləri fəaliyyət göstərir, tarixi sənədlər, milli geyim nümunələri nümayiş olunur.