İlham Əliyevdən rusiyalı və filippinli həmkarlarına - Məktub

ilham-eliyevden-rusiyali-ve-filippinli-hemkarlarina-
Oxunma sayı: 1581

Azərbaycan prezidenti İlham Əliyev Rusiya başçısı Vladimir Putinə və Filippin lideri III Beniqno Akinoya təbrik məktubları ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Vladimir Putinə göndərilmiş məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Rusiya Federasiyası dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, səmərəli iqtisadiyyat qurulmasında sanballı uğurlar qazanıb. Siyasi, sosial-iqtisadi həyatda ardıcıl dəyişikliklər, cəmiyyətdə həmrəylik və sabitlik, fəal xarici siyasət kursu Rusiyanın beynəlxalq nüfuzunun güclənməsi üçün etibarlı zəmin olub.

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsi, bütün sahələrdə əməkdaşlığımızın dinamik və hərtərəfli inkişafı xüsusi məmnunluq doğurur.

Əminəm ki, birgə səylərimiz bundan sonra da ölkələrimizin strateji tərəfdaşlığının və çoxplanlı qarşılıqlı fəaliyyətinin daha da genişlənməsinə, xalqlarımız arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin möhkəmlənməsinə yönələcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın bütün dost xalqına isə sülh və əmin-amanlıq arzulayıram”.

III Beniqno Akinoya ünvanlanmış məktubda deyilir:

“Hörmətli cənab Prezident, Filippin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.