İlham Əliyevin səfirlərlə görüşündəki- - Çıxışı

ilham-eliyevin-sefirlerle-gorusundeki-
Oxunma sayı: 1228


“Qafqazinfo”nun məlumatına görə, görüş iştirakçılarını salamlayan Prezident tədbirdə çıxış edib. O, iştirakçı ölkələrlə Azərbaycan arasındakı əlaqələrdən danışıb:

“Biz maraqlıyıq ki, müsəlman ölkələri ilə siyasi, iqtisadi əlaqələrimiz, mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etsin. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bizim əməkdaşlığımız çox yüksək səviyyədədir. Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz daha da inkişaf edir. Aprel və may aylarında Ciddədə və Bakıda təşkilatın baş katibi ilə mənim görüşlərim olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını qeyd edir, Azərbaycanda gedən işlərə çox yüksək qiymət verir. Biz də təşkilatın fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək”.

İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir: “Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, bir milyondan çox azərbaycanlı öz doğma torpağından qaçqın və köçkün vəziyyətinə düşmüşdür, xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb, yerlə-yeksan edilib. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə-yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Ermənistan isə beynəlxalq hüquq normalarını kobudcasına pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq, ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət bərpa olunacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Dövlət başçısı keçən bayramdan ötən dövr ərzində Bakıda ən böyük məscidin tikildiyini də vurğulayıb:

“Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilmişdir. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilmişdir. O, bir memarlıq əsəridir. Dünyanın ən yeni məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni, bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir. Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək. İki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, bu Oyunlar bütün müsəlman ölkələrini biri-biri ilə daha da sıx birləşdirəcək.

Hörmətli səfirlər, sizi bir daha salamlayır və sizə fəaliyyətinizdə uğurlar arzu edirəm”.