İran prezidenti Həsən Ruhani Qarabağdakı gərginlikdən danışıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ruhani bildirib ki, Qarabağ münaqişəsi hərbi yolla həll olunmamalıdır.
“Konfliktin hərbi yolla həll olunması hər iki tərəfə xeyir verməyəcək. Ancaq sülh danışıqları olmalıdır”, - deyə prezident vurğulayıb.
***
İran prezidenti Həsən Ruhani aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Ruhani Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlıq keçirdiyini bildirib və tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.
İlham Əliyev cəbhə xəttindəki son vəziyyətlə bağlı Həsən Ruhaniyə məlumat verib və bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub, lakin Ermənistan daim qeyri-konstruktiv mövqe tutub və atəşkəs rejiminə əməl etməyib. Dövlət başçısı təmas xəttində baş vermiş son hadisələri Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.
Söhbət zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin müxtəlif sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İ. Əliyev İran İslam Respublikasına səfərini xatırlayaraq məmnunluq hissi ilə qeyd edib ki, səfər zamanı əldə olunmuş razılaşmalar uğurla icra edilir.
Ölkə başçısı aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün regionda təhlükəsizlik və əməkdaşlığın inkişafı işinə töhfə verəcəyini deyib.
Azərbaycan və İran prezidentləri ikitərəfli münasibətlərimizin bundan sonra da genişləndirilməsi istiqamətində tərəflərin səyləri əsirgəməyəcəyini vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər