İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

ilham-zekiyev-azerbaycan-universitetinin-telebeleri-ile-gorusub
Oxunma sayı: 1205

Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti, I qrup Qarabağ müharibəsi əlili İlham Zəkiyev 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Azərbaycan Universitetində keçirilən tədbirdə tələbələrlə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, İlham Zəkiyev görüşdə tələbələrə həyatının müxtəlif məqamları – idmana başlaması, ilk idman uğurları, həqiqi hərbi xidmətdə döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperi tərəfindən vurulması, görmə qabiliyyətini itirməsi, reabilitasiya dövrü, idmana qayıdışı və əldə etdiyi uğurları haqqında məlumat verib, növbəti il Tokioda keçiriləcək paralimpiya oyunlarına hazırlaşdığını bildirib.

Azərbaycan Universitetinin müəllimi, Vaşinqton Corctaun Universitetinin Azərbaycanda əlilliyi olan uşaqlarla iş üzrə mütəxəssislərin hazırlanması istiqamətində təşkil etdiyi CHED kurslarının müəllimi Züleyxa Nəcəfova çıxışında ölkəmizdə son 10-15 il ərzində əlilliyə olan yanaşma, xidmətlərin təşkili, sosial rifah səviyyəsində müsbət dəyişiliklər olduğunu diqqətə çatdırıb.

Tədbir Sosial işin təşkili kafedrası və Tələbə Gənclər Təşkilatı tərəfindən birgə hazırlanıb.