Şou-biznesin tanınmış simaları xalq artisti İlhamə Quliyevanın vəfat etməsinə münasibət bildiriblər.
“Qafqazinfo”nun məlumatına görə, incəsənət nümayəndələri sosial şəbəkələrdə xalq artistinə rəhmət diləyiblər.
Xatirə İslam:
“Ay insanlar, sizin qəlbiniz daşdır? Ölən insana qarşı kininiz soyumur? Əslində, biz beləyik? Onsuz bu dünyada hamı qonaqdır. Sevinmək çox böyük günahdır. Allahınızdan qorxun”.

Abbas Bağırov:
"Mənim üçün İlhamə Quliyeva çox böyük sənətkardır. Azərbaycan incəsənətində layiqli yeri olub. Öz sənəti, gözəl mahnılarıyla çoxsaylı sevənləri var idi. Onu sevənlərdən biri də mənəm. Mənim üçün İlhamə Quliyeva əbədi yaşayacaq. Allah rəhmət eləsin”.

Natavan Həbibi:
“Kiminsə ölümünə sevinmək kişilik deyil. İlk növbədə ölümdən heç kimin siğortalanmadığını qavramaq, anlamaq lazımdır. Hamı üçün haqq olan ölüm bir gün hər kəsin qapısını döyəcək. İlhamə Quliyeva bu gün dünyasını dəyişib. Ölümündən bir neçə gün əvvəl görüşdük, danışdıq, hətta son görüşümüzdə belə halından məmnunluğunu dilə gətirdi. Allahdan ona rəhmət diləyirik”.

Murad Dadaşov:
"Bilirsiniz, bəlkə də İlhamə Quliyevanı sevib və ya sevməmək olar. İnsanlar çoxdur, fikirlər müxtəlifdir. Amma bir məsələni etiraf etmək lazımdır ki, o, həqiqətən dəyərli və gözəl sənətkar, çox sadiq dost, böyük ürəyə malik olan insan idi. İnanın ki, çox böyük yumor hissi varıydı. Onunla çoxsaylı səfərlərdə olarkən, mən bu xanıma vuruldum. Həyatımın ən dəyərli dostlarından birini qazandım. Bu gün isə onu itirdim. Çox təəssüf ki, özünü mənə tanıdıb, sevdirdiyi qədər, çox adama tanıda bilmədi”.

Tarix Əliyev:
“Bəzi müğənnilərin səhifəsində “Ura, İlhamə Quliyeva öldü” yazanlar elə bilir ki, ata-anaları dünyanı tutub gedəcək. Bu ölümə sevinənin gec-tez qapısında belə gün olacaq. Allah ona həyatında şan-şöhrət, pul verdi. Bəzilərinin cavabını vaxtında verdi. Əsas odur ki, ölənə kimi də qabağından yemədi. Bəziləri indi sevinir, kül başınıza, qapınızda belə şey olmayacaq? Ölüm haqdı, rahat öldü, yatağa düşmədi, heç kimə möhtac olmadı, qoymadı ayağına gəlib, onu zəif görsünlər”.

Faiq Ağayev:
“Pis xəbərdir, qəlbən üzüldüm. Allah İlhamə xanıma rəhmət eləsin. Böyük bir sənətkarı itirdik”.

Zaur- Günay Baxışəliyevlər:
“Ölüm...Biz istəsək və istəməsk də o gələcək. Şou-biznes və sənət aləmi çox çətin bir mühitdir. Burada ya sən, ya da sənin prinsiplərin olmalıdır. Təbiətin vəhşi qanunları belə şou-biznes qanunlarının qarşısında acizdir. Bu məkanda yaşamaq, birinci olmaq çətindir.Siz bunların hamısını yaşadız və öldüz. Allah rəhmət eləsin”.

Sərxan Kərəmoğlu :
“Bax, bu, bizim son yeməyimiz oldu. Allah sənə rəhmət eləsin. Mənə etdiyin haqsızlıqlara görə, sənə halallıq verirəm. Bakıda və İstanbulda min bir əziyyətlə qurduğum evlərimi sənin prinsiplərin uğrunda dağıtdım. Mənim adıma min cür sözlər qoşub dostlarımla aramı vurdun.
Ən çətin zamanımda illər öncə idarə edəcəyim toyumdan sənə görə imtina etdilər, çörəyimdən oldum. Şou-biznesdə sənə görə, çox qapılar bağlandı, insanlar mənimlə düşmən oldu. Hansı kanala gedib, hansı verilişi aparırdım, zəng edib “Onu ordan qovun” deyirdin. Tanıdığın insanların əli ilə telekanallara zəng vurdurub məni qovdururdun.
Çox şeylər var ki, yaza bilmirəm. Mənə etdiyin və mənim sənə etdiyim hər şeyə görə halallıq verirəm. Bilirsən niyə? Çünki Orxan oğlun mənə öz övladlarım qədər əziz və doğmadı. Orxan, başın sağ olsun. Sən elə bir oğulsan ki, əvəzin yoxdur, sənin ürəyin böyükdür. Ölən günə qədər sənin arxandayam. Sənə dünyanın var-dövlətini etibar etmək olar, əsl oğulsan. İlhamə xanım, Allah sənə rəhmət etsin, günahlarını bağışlasın”.

Sevil-Sevinc:
“Biz bu dünyanın qonağıyıq. Amma unutmayın, bu xəbərə sevinərək yenidən özünə gündəm qazanan şou nümayəndələrini də ölüm gözləyir”.
