İlin sonunadək analoq televiziya yayımı dayandırılacaq

ilin-sonunadek-analoq-televiziya-yayimi-dayandirilacaq
Oxunma sayı: 706

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən “Media forum” saytına verilən məlumata görə, hazırda ölkə ərazisində əlavə TV vericiləri quraşdırılır.

İstehsalat Birliyindən bildirilib ki, Azərbaycanda əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 10 proqramdan ibarət 1 paketdə DVB-T rəqəmli televiziya yayımının təşkilinə dair tədbirlər planı hazırlanıb və ölkədə 2011-ci ilin sonunadək ümumilikdə 28 ədəd müxtəlif güclü rəqəmli televiziya vericiləri quraşdırılaraq istismara verilib: “FM radio yayımı ilə yanaşı yüksək keyfiyyətli radio yayımının sınaq yayımına başlanması məqsədi ilə Bakı şəhərində 5 kVt-lıq rəqəmli HD FM radio vericisi quraşdırılır. İctimai və dövlət radio proqramları FM yayımı ilə bərabər HD yayımında da aparılacaq.
Ölkə ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi üzrə aparılan statistik məlumatlara əsasən, hazırda əhalinin yalnız 20-25 faizi rəqəmli yayım xidmətlərindən istifadə edə bilir. Bu istiqamətdə işlərin sürətləndirilməsi məqsədi ilə aidiyyəti qurumlar tədbirlər görür. Son bir neçə ay ərzində ölkəyə gətirilən DVB-T qəbuledicilərinin və DVB-T, MPEG-4 standartını dəstəkləyən televizorların həcmi xeyli artıb. Eyni zamanda dövlət proqramına uyğun olaraq ölkədə DVB-T qəbuledicilərinin istehsalına başlanıb. Hazırda DVB-T şəbəkəsinə uyğun texniki göstəricilərə malik DVB-T qəbuledicilərini (Set-top-box) Müdafiə Sənayesi Nazirliyinin peyk zavodu və “Kür” MMC istehsal edir. Keçidin sürətləndirilməsi məqsədi ilə Milli Televiziya və Radio Şurasının müraciətinə əsasən, ölkə ərazisində DVB-T qəbuledici qurğularının güzəştli şərtlərlə aztəminatlı ailələrə verilməsi üzrə işlər aparılır”.

Məlumatda qeyd olunur ki, may ayında Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda ilk dəfə olaraq paytaxtda və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılması ilə tam rəqəmli TV yayımının tətbiq edilməsi planlaşdırılır: “Avroviziya 2012” müsabiqəsi zamanı yüksək keyfiyyətli HD TV yayımını həyata keçirmək nəzərdə tutulub. HD yayımı üçün Amerika istehsalı olan “Harmonic” HD koderlərindən istifadə olunacaq ki, bu da H” yayımının İP şəbəkəsi üzərindən digər kabel operatorlarına da ötürülməsinə imkan yaradacaq”.