Azərbaycanda İlk Buktreyler Festivalının nəticələri açıqlanacaq.
"Qafqazinfo"nun məlumatına görə, 22 aprel saat 19:00-da Nizami Kino Mərkəzində İlk Buktreyler Festivalının nəticələri bəlli olacaq.
Kinoaktyor, Buktreyler Festivalının təsisçisi, aktyor Ruslan Sabirli bildirib ki, festivala 25 iş daxil olub:
“Təqdim olunan işlər arasında İtaliya, Fransa və Bolqarıstandan da işlər var idi. Sevindirici haldır ki, Azərbaycanda ilk dəfə baş tutacaq Buktreyler Festivalının sorağı artıq dünyaya da səs salıb. Lakin, təbii ki, bu Festival Beynəlxalq olmadığı üçün biz o işləri qəbul edə bilmədik və beləliklə 21 iş qəbul etdik.
Artıq Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsini tamamlamışdır. Hal-hazırda Təşkilat Komitəsi Münsiflərin verdiyi qiymətləri toplayaraq qalibləri müəyyənləşdirir. Qaliblər 22 aprel, saat 19:00-da Nizami Kino Mərkəzində elan olunacaqlar və həmçinin mükafatlar təltif olunacaqlar”.
Xatırladaq ki, Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Qeyd edək ki, layihənin təşkilati dəstəkçisi Mədəniyyət və Turizm Nazirliyidir.
Son xəbərlər
Son Xəbərlər