İlk dəfə süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - Fotolar

İlk dəfə süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi
Oxunma sayı: 1305

Dünyada yeni texnologiyaların inkişafı, cəmiyyət həyatının müxtəlif sahələrində süni intellektdən və robot texnikasından istifadə müasir dövrün reallıqlarındandır.  Son illərdə Azərbaycanda da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatında dünya elminin müasir nailiyyətləri tətbiq edilir. Belə ki, Azərbaycan kosmosa üç peyk göndərmiş, ölkədə "İntellektual nəqliyyat” sistemi yaradılıb. 

"Qafqazinfo"nun məlumatına görə, Azərbaycanın məhkəmə-hüquq sistemində müasir texnologiyaların tətbiqi üzrə əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Dünyada süni intellektin və robot texnikasının geniş tətbiqi beynəlxalq və milli hüququn qarşısında ciddi məsələlər qoyur. Ölkəmizin nailiyyətlərini dünya ölkələri ilə paylaşmaq, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiq olunmasına dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun 15 noyabr tarixində Bakıda təşkil etdiyi “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfrans məhz sözügedən məsələlərə həsr olunub.

Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin köməkçisi Gündüz Kərimovun giriş sözü ilə açılan beynəlxalq konfransda süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsindəki son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxış edərək süni intellekt və robotlardan istifadənin hüquq elmində tamamilə yeni bir istiqamət formalaşdırdığını, hüquq və insan haqları kontekstində süni intellektin cəmiyyətdə yeni çağırışlar edən  mühum məsələ olduğunu qeyd edərək dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan elmində, eyni zamanda insan hüquqları sahəsində sözügedən mövzuya dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə belə bir konfransın keçirildiyini qeyd etmişdir. 

Daha sonra Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxışında bildirmişdir ki, Avropa Komissiyası Avropada məhkəmə sisteminin, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunun fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin artırılmasının təşviqi və dəstəklənməsi ilə fəal məşğul olur. CEPEJ tərəfindən üzv dövlətlərdə ədliyyənin səmərəliliyi və keyfiyyətinin artırılması məqsədilə çoxsayda rəhbər qaydalar və digər sənədlər hazırlanır, habelə müxtəlif aktual mövzulara dair elmi tədqiqatlar aparılır. Onlardan biri kimi, CEPEJ ötən ilin dekabr plenar iclasında “Süni İntellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”nı qəbul etdi, bu da Avropada ilk dəfə olaraq siyasətçilərə, qanunvericilərə və ədliyyə sahəsində çalışan rəhbər şəxslərə milli məhkəmə proseslərində Süni İntellektin sürətli inkişafı məsələsində istiqamət verə biləcək normativ prinsiplər çərçivəsini təmin etdi. Unudulmamalıdır ki, Süni İntellekt qanunun aliliyinin təminatlarını, həmçinin ədliyyəyə əlçatımlığı və ədalət mühakiməsinin keyfiyyətini azaltmaq deyil, əslində gücləndirməlidir. Ramin Qurbanov süni intellektin tətbiqinin insan hüquqlarına birbaşa təsir göstərə biləcəyini, bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyasını məhz rəhbərlik etdiyi qurum tərəfindən hazırlanaraq təsdiq olunduğunu, həmin Avropa standartlarına bütün üzv dövlətlərin riayət edəcəklərinin zəruriliyini, habelə Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsi vacibliyini və ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün Azərbaycanın məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlərin görülməsini bildirmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların inamının artırılması, onların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və genişləndirilməsi, məhkəmə sistemi və qərarların icra xidmətinin elektronlaşdırılması, həmçinin müxtəlif texnoloji yeniliklərin tətbiqi ilə bağlı ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü islahatlar davam edir.

Bu islahatlar çərçivəsində görülən işlərin nəticəsi olaraq, hazırda müxtəlif sahələrdə avtomatlaşdırılmış elektron sistemlərdən, süni intellektin müxtəlif elementlərindən uğurla istifadə olunur və belə texnologiyaların tətbiqi daha da genişləndirilir.

Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, Milli Məclisin sədrinin birinci müavini, Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rektoru, Auditorlar Palatasının sədri və digər rəsmi şəxslər, məhkəmə sədrləri, hakimlər, vəkillər, tanımış yerli və xarici ekspertlər, diplomatik korpusun nümayəndələri, o cümlədən Avropa Şurasının Bakı ofisinin rəhbəri, Ədliyyə Akademiyasının rektor əvəzi, Beynəlxalq Hakimlər Assosiasiyasının və Avropa Hakimləri Assosiasiyasının Baş katibi, CEPEJ-in “SATURN” mərkəzinin sədri İtaliyalı hakim Ciakomo Oberto, eləcə də CEPEJ-in digər ölkələrdən - Avstriya, Fransa, Litva, Almaniya, Bosniya və Herseqovina, Ukrayna, Rusiya, İsraildən olan ekspertləri iştirak etmişlər.

Konfransın sonunda Avropa Şurasının xüsusi nəşri olan - CEPEJ-in “Süni intellektin məhkəmə sistemləri və bu sistemlərlə bağlı münasibətlərdə istifadəyə dair Avropa Etik Xartiyası”nın Azərbaycan dilində buraxılışının təqdimatı olub.











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi