İlk dəfə yubileyə legionerlə

ilk-defe-yubileye-legionerle
Oxunma sayı: 725

Topaz Premyer Liqasında cari mövsümün növbəti yubiley qolu vurulub. “Qafqazinfo” sport24.az-a istinadla xəbər verir ki, XXIV turun turun “İnter" - AZAL oyuunda qeydə alınan ilk top mövsümdə 200-cü olub. Bu qola meydan sahiblərinin braziliyalı futbolçusu Denis Silva Kruz imza atıb.

Belə ki, bu turadək 197 vurulmuşdu. Hesabat turunun 3-cü qolu bu çempionatdakı 200-cü qol kimi tarixə düşüb. Denis "İnter Arena"dakı qarşılaşmanın 48-ci dəqiqəsində başla hesabı açmaqla eyni zamanda yubiley qolun müəllifi olub. Bu çempionatın sonuna 4 tur qalmış 207 qol qeydə alınıb. 

Cari çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların müdafiəçisi Elvin Bədəlov vurub. 50-ci qolun müəllifi “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin olub. Millimizin üzvü V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Meydan sahiblərinin kapitanı Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb. 150-ci qol XVII turun “Qarabağ” – “Zirə” görüşündə qeydə alınıb. Ağdam klubunun yarımmüdafiəçisi Əfran İsmayılov 2:0 hesabı ilə qalib gəldikləri matçın 13-cü dəqiqəsində ilk qolun müəlifi olub.

Göründüyü kimi, "İnter" də cari çempionatın 2 yubiley qoluna imza atmaqla bu göstəricidə "Qarabağ"a çatıb. Özü də Denisin timsalında yubiley qolun ilk dəfə müəllifi legioner olub.

Xatırladaq ki, Silva hazırda Premyer Liqamızın iştirakçıları olan əcnəbi futbolçular arasında ən "köhnə"di. Hələ 2007/08 mövsümündə ölkəmizdə çıxışına "Xəzər Lənkəran"da başlayan, "İnter"ədək "Neftçi"də də oynayan 30 yaşlı mərkəz müdafiəçisi milli çempionatımızda 200 oyun səddinə bu mövsüm "Kəpəz"lə IX turda Gəncədə qolsuz bərabərliyə qaldıqları matçda çatıb.