İlk gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq

ilk-gunde-1-qizil-1-gumus-ve-2-burunc-medal-qazandiq
Oxunma sayı: 2222

Xəbər verdiyimiz kimi, İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Qafqazinfo” xəbər verir ki, ilk yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz ilk yarış günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

42 kq çəki dərəcəsində mübarizə aparan hər iki güləşçimiz finala yüksəlib. Mahir Məmmədzadə Ermənistan, Moldova və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Finala qədər rəqiblərindən 32 xal qazanan güləşçimiz heç bir rəqibinə xal verməyib. Maqomedsalix Abakarov isə Belarus, Gürcüstandan iki və Türkiyədən olan rəqiblərini üstələyib finala vəsiqə qazanıb. Finalda komanda yoldaşına qalib gələn Mahir Məmmədzadə Avropa çempionatının qızıl medalını qazanıb. Maqomedsalix Abakarov gümüş medalla kifayətlənib.

50 kq çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə və Vüsal Hüseynov yarımfinala qədər inamla güləşib. İntiqam Gürcüstan və Rusiyadan olan rəqiblərinə qalib gəlsə də yarımfinalda digər Rusiya təmsilçisinə uduzub. Vüsal isə Yunanıstan və Gürcüstandan olan rəqiblərini üstələyib. Ancaq yarımfinalda Türkiyə təmsilçisinə məğlub olub. Hər iki güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. İntiqam Vəlizadə Ermənistandan olan rəqibini məğlub edərək çempionatın bürünc medalını qazanıb. Vüsal Hüseynov Türkiyə təmsilçisi ilə gərgin keçən görüşü uduzaraq çempionatı beşinci sırada tamamlayıb.

58 kq çəkidə yarışan təmsilçimiz Daur Psardia Bolqarıstan və Ukraynadan olan rəqiblərini üstələsə də 1/4 finalda məğlub olub. Rəqibin finala yüksəlməsi isə təsəlliverici görüşə qatılan Daur Macarıstan təmsilçisini mübarizədən kənarlaşdırıb və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə təmsilçimiz Türkiyə idmançısına uduzub və çempionatı beşinci sırada tamamlayıb.

69 kq çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən Abubakr Abakarov ardıcıl olaraq Estoniya, Ukrayna və Ermənistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Abdulmuslim Məmmədov isə Moldova və Türkiyədən olan rəqiblərini üstələyib, 1/4 finalda Rusiya təmsilçisinə uduzub. İtaliya idmançısı ilə təsəlliverici görüşdən qalib ayrılan Abdulmuslim Məmmədov bürünc medal uğrunda görüşə haqq qazanıb. Bürünc medal görüşündə güləşçilərimiz bir-birilə qarşılaşıb. Görüş Abubakr Abakarovun üstünlüyü ilə tamamlanıb.