Bu gün Xaçmazda ilk Kiçik və Orta Biznes Evi (KOB Evi) istifadəyə verilib.
Bununla bağlı müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı, KOB Evinin əhəmiyyəti barədə məlumat veriblər.
Qeyd olunub ki, Xaçmazda KOB Evinin yaradılması Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə özəl sektorun inkişafına, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarların dövlət xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır. KOB Evi biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkandır. Burada sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, biznes biliklərin artırılması, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziyaların alınması, maliyyə resurslarına çıxış, mühasibat uçotunun aparılması, idxal-ixrac rəsmiləşdirilməsi, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış, ixracın təşviqi və digər istiqamətlərdə dəstək göstəriləcək.
Həmin gün Xaçmaz KOB Evində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2019-cu ildəki fəaliyyəti və 2020-ci ildə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, müzakirələr aparılıb.




Son xəbərlər
Son Xəbərlər