İlkin Süleymanovun ilk məhkəməsinin vaxtı bəlli oldu

ilkin-suleymanovun-ilk-mehkemesinin-vaxti-belli-oldu
Oxunma sayı: 1738

Ötən ilin yanvar ayında Tovuz rayonunda yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun ilk məhkəmə iclasının vaxtı bəlli olub.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası mayın 17-nə təyin olunub. Prosesə hakim Dadaş İmanov sədrlik edəcək. 

Qeyd edək ki, Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilir. Hadisə 2020-ci ilin yanvar ayında baş verib. 2019-cu il noyabrın 21-də itkin düşən N.Quliyevanın 47 gündən sonra, 2020-ci il yanvarın 6-da yanmış meyiti tapılıb. 

İttihama görə, İ.Süleymanov Nərmini küçədə görüb aldatdıqdan sonra evə aparıb və valideynləri ilə birgə qaldığı həyətdə heç kimin olmadığı evdə saxlayıb. Rəsmi açıqlamada bildirildi ki, İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 20.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.