İllik inflyasiya 6,7 faiz olub - Rəsmi

illik-inflyasiya-67-faiz-olub
Oxunma sayı: 2708

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirəni giriş sözü ilə açan Ə.Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meylləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata neqativ təsirləri minimuma endirilib.

2021-ci ilin makroiqtisadi göstəricilərinə nəzər salan Baş nazir Ümumi Daxili Məhsulun 5,6% artdığını, onun həcminin 92,8 mlrd. manat təşkil etdiyini bildirib. Vurğulanıb ki, qeyri-neft sektoru üzrə artım 7,2% olub, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artıb.

Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi bildirilib. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.

Qeyd olunub ki, bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən, ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12% olub.