Amerikalı sahibkar İlon Maskın “Neuralink” şirkəti anadangəlmə görmə məhdudiyyətli şəxslər üçün xüsusi implant hazırlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İlon Mask “X” hesabında açıqlayıb.
“Blindsight” adlı implant sözügedən şəxslərdə görmə qabiliyyətini bərpa etməyə imkan verəcək.
Maskın sözlərinə görə, “Blindsight” cihazı hətta hər iki gözünü və görmə sinirini itirən şəxslərə də görmə imkanı verəcək.
Bildirilib ki, implant yerləşdirildikdən sonra görmə qabiliyyəti mərhələli şəkildə yaranacaq, onu daşıyan şəxslər infraqırmızı, ultrabənövşəyi və radar diapozonlarında görə biləcəklər.
Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə yeridilməsi mümkün olan çiplərin hazırlanması ilə məşğul olur. Milyarder hesab edir ki, bu cihazlar insanlara süni intellektə qarşı durmağı bacaran kiborq olmaq imkanı verir. Həmçinin onun fikrincə bu çiplər insanlara düşüncənin gücü ilə kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.
Onu da xatırladaq ki, “Neuralink” şirkəti cari il yanvarın 28-də ilk dəfə olaraq insan beyninə çip yerləşdirib. Avqustun əvvəlində Mask bildirib ki, ikinci pasiyentə də implant yerləşdirilib. Bu çiplər iflic olmuş şəxslərə kompüteri idarə etməyə imkan verir.