İlqar Abbasov şəhid ailələri ilə görüşüb

İlqar Abbasov şəhid ailələri ilə görüşüb
Oxunma sayı: 2073

Ötən gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, rayon dövlət qurumlarının rəhbərləri, şəhid ailələri ilə birlikdə noyabr ayınında sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib. 

“Qafqazinfo” xəbər verir ki, öncə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. 

Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib.

Tədbir “Şəhid anası” memorial abidə kompleksinin önündə davam edib. İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirib. 

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib. Tədbirdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqət, qayğı və ehtirama görə dövlət başçısına təşəkkürlərini bildiriblər.