Yanvarın 26-sı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər xiyabanını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, icra başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov və şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanına baş çəkib.
Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edildikdən sonra İlqar Abbasov ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. Sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Süleyman Bağırovun doğum günü münasibətilə məzarı ziyarət edilib, önünə tər güllər düzülərək xatirəsi ehtiramla yad edilib.
Daha sonra icra başçısı şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verib.





Son xəbərlər
Son Xəbərlər