İlqar Abbasov səyyar görüş keçirdi

ilqar-abbasov-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1570

Bu gün Şirvan şəhərinin Nizami küçəsində, 13 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illərdə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmiş kompleks tədbirlərlə bağlı ətraflı çıxış edərək, qeyd olunan müddətdə istər respublikamızda, istərsə də şəhər miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. O, qeyd edib ki, regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Şirvan şəhəri dinamik inkişaf edir, müasirləşir. Vurğulanıb ki, Prezident İlham Əliyevin son illərdə dəfələrlə Şirvan şəhərində olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi şəhərə yüksək diqqətin bariz təzahürüdür. 

Qəbul zamanı 20 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müarciətlərə aydınlıq gətirilib. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.