İlqar Abbasov səyyar görüş keçirdi

ilqar-abbasov-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1097

Bu gün Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq şəhər sakinlərinin növbəti səyyar qəbulu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlər qarşısında çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhəri ərazisində iqtisadi durumun yaxşılaşdırılması, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi məqsədi ilə 2020-ci il ərzində şəhərdə sosial-infrastruktur layihələrinin və proqramların uğurla icrası nəzərdə tutulub. Belə ki, “Bağ evləri” yaşayış massivində yeni məktəb binasının tikintisi, Məhəmməd Füzuli adına Şirvan şəhər Parkının əsaslı şəkildə yenidən qurulması, magistral və məhəllədaxili yolların təmir və bərpası, piyada səkilərinin salınması, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, içməli su və qaz təhcizatının yaxşılaşdırılması, yaşayış binalarının kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulan tədbirlərdəndir.

Daha sonra 21 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müarciətlərə aydınlıq gətirilib. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.