İlqar Abbasov səyyar qəbul keçirdi

ilqar-abbasov-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1064

Bu gün  şəhərin Hacıqəhrəmanlı qəsəbəsində, 12 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

İlqar Abbasov son illərdə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmiş kompleks tədbirlərlə bağlı ətraflı çıxış edərək bildirib ki, ölkəmizdə hal-hazırda həlli vacib sayılan məsələlər sırasında regionların sosial-iqtisadi aspektdən inkişafının daha da artırılması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması və regionlarda produktiv məşğulluğa nail olunması mühüm yer tutur. Həyata keçirilən regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Şirvan şəhəri dinamik inkişaf edərək müasirləşir.

Vurğulanıb ki, hazırda şəhər ərazisində yaşayış binalarının giriş hissəsində və fasadlarında, məhəllədaxili yollarda təmir işləri aparılır, içməli su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində mühüm layihələr reallaşdırılır, abadlaşdırma, yaşıllaşdırma, küçələrin işiqlandırılması və digər işlər həyata keçirilir.

Qəbul zamanı 15 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müarciətlərə aydınlıq gətirilib. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.