“COVID-19 testim pozitiv çıxmışdı, qaydalara görə bir həftə evdə oturmalı idim, müalicə aldım, tezliklə sağaldım. Amma artıq səkkiz gün keçib, mən hələ də evdən çölə çıxa bilmirəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov qeyd edib ki, ona bu barədə SMS gəlməyib:
“Qadağa qoyan SMS gəlmişdi, amma icazə verən SMS hələ gəlməyib. Nə də ki, immunitet sertifikatını TƏBİB-in tətbiqindən görə bilirəm, yoxdur. Əgər qadağa qoyulmuşdusa, özü də yazılı formada, rəsmi dövlət orqanından mənə SMS gəlirsə, icazə də verilməlidir. Həkimə zəng etdim, həkim dedi ki, mənim sağalmağımı artıq sistemə daxil edib. Amma TƏBİB-ə zəng edəndə bir operator dedi ki, mənə SMS gəlməyibsə, evdən çıxa bilmərəm. Bir neçə saat sonra yenidən zəng etdim, başqa bir operator dedi ki, ehtiyac yoxdur, SMS-siz də, immunitet sertifikatı olmadan da evdən çıxa bilərəm”.
Bəs vətəndaş karantin müddəti bitəndən sonra SMS almadan evdən çıxa bilərmi?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusa yoluxan şəxslərin yeddi günlük təcrid müddəti başa çatandan sonra SMS almadan yaşayış yerini tərk etmələrinin qanuni olub-olmadığına aydınlıq gətirib.
Agentlikdən "Report"a bildirilib ki, vətəndaşlara PCR test nəticəsi ilə bağlı SMS daxil olmayıbsa, bu zaman həmin şəxslər öz mobil telefonlarına “E-Təbib” mobil tətbiqini yükləməli, mobil tətbiqdə “Şəxsi kabinet” menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlaya bilərlər.
Qeyd olunub ki, yoxlama zamanı şəxsin şəkli qırmızı rənglə haşiyəyə alınıbsa və şəklin altında “Siz COVID-19 virusuna yoluxmusunuz!” ifadəsi qeyd olunubsa, bu həmin şəxsin karantin müddətinin davam etdiyini göstərir:
“Əgər sözügedən ifadə şəklin altında qeyd olunmayıbsa və şəkil bənövşəyi və ya yaşıl rənglə haşiyəyə alınıbsa, bu, həmin şəxsin karantin müddətinin başa çatdığını göstərir. Bundan əlavə, vətəndaşlara SMS gəlmədiyi hallarda PCR testinin nəticəsi ilə bağlı məlumatı yaşadıqları ərazi üzrə poliklinikaya müraciət edib şəxsiyyət vəsiqələrindəki FİN kodu təqdim edərək cavab ala bilərlər”.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə COVID-19 virusunun yeni mutasiyasına yoluxan şəxslərin yeddi günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi “müsbət” olan şəxslərə və onların müəyyən olunmuş “sıx təmaslı”larına da şamil edilir.
Son xəbərlər
Son Xəbərlər