Həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, hərəkat sədrinin bu gün Şəki Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesindən sonra sərbəst buraxılacağı gözlənilirdi. Məhkəmə prosesindən sonra hakimlər müşavirəyə yollanıblar, onlar zala qayıtdıqdan sonra məhkəmənin təxirə salındığını elan ediblər.
Onunla eyni maddə üzrə həbs olunan və ötən ay verilən əfvlə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu da məhkəmədə iştirak edib.
Xatırladaq ki, İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
***
Vəkil Fuad Ağayev da keçirilən proseslə bağlı danışıb:
"Məhkəmə müşavirəyə getdi və növbəti proses haqda bizə məlumat veriləcəyi bildirildi".
***
Vəkil Cavad Cavadov:
“Bəzi şahidlər dindirildi, kamera görüntülərinə baxıldı. Məhkəmə qərar vermək üçün müşavirəyə getdi. Ümid edirik ki, gələn həftənin birinci, ya ikinci günü qərar açıqlanacaq. Gözləntimiz müsbətdir. Ümid edirik ki, bəraət verilməsə də, ən azından azad olunacaq”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər