İmişlidə 100 yaşlı qəhrəman veteran doğum günündə təbrik edilib - Fotolar

imislide-100-yasli-qehreman-veteran-dogum-gununde-tebrik-edilib
Oxunma sayı: 1862

Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-nin məsul işçiləri, YAP İmişli rayon təşkilatının əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Böyük Vətən müharibəsinin iştirakçısı, rayonun Qaralar kəndindən olan Nuriyev Nəbi Balı oğlunun 100 yaşı tamam olması münasibətilə evində görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı icra başçısı və digər iştirakçılar Nəbi Nuriyevi doğum günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar. 100 yaşlı veteran görüşdə Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gələn qonaqlara göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Daha sonra Nəbi Nuriyev 100 illik yubileyi münasibətilə RİH başçısı tərəfindən Fəxri Fərmanla təltif edib.

Xatırladaq ki, N. Nuriyev 1942-ci il fevralın 28-də cəbhəyə yollanıb. 130-cu atıcı alayın tərkibində döyüş yolu keçən Nəbi Nuriyev elin, obanın igid oğullarından biri kimi tanınıb. Döyüşlərdə göstərdiyi şücaətə görə ona çavuş rütbəsi verilərək bölmə komandiri vəzifəsi tapşırılıb. Sovet-yapon müharibəsində də o, ağır döyüşlərdən keçib. Yaponların cəngavər generalı sayılan Kvantın döyüşən ordusu ilə üz-üzə gəlib. O, burada da qəhrəmanlığını və cəsurluğunu göstərib.

Yaponiyanın Vadlin şəhərinədək döyüş yolunu davam etdirən Nəbi Nuriyev həmin ordunun təslim olunması əməliyyatında da xüsusi fəallığı ilə seçilib. Nəbi Nuriyevin təltifləri sırasındakıbir sənədi əvvəlkilərindən daha dəyərli yadigar kimi əzizləyir. Bu, ümummilli lider Heydər Əliyevin Böyük Vətən Müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə bağlı 2000-ci ildə imzaladığı Sərəncamdır. Həmin Sərəncamla Nəbi Nuriyev də “1941-1945-ci illər müharibəsi veteranı” döş nişanı ilə təltif olunub.

Görüşün sonunda 100 yaşlı veteranımız bir daha təbrik edilib, ona möhkəm cansağlığı arzulanılıb və xatirə şəkilləri çəkilib.