Ötən gün İmişli rayon Heydər Əliyev Mərkəzinin akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, İmişli RİH başçısı Elçin Rzayevin, şəhid ailələrinin, rayonun tanınmış iş adamlarının, ictimaiyyət nümayəndələrinin, eləcə də rayon sakinlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra ulu öndərin adını daşıdığı parkda rəsm sərgisinə baxış keçirilib, balacaların ifalarında musiqilər dinlənilib. Tədbirin bədii hissəsi başlamamışdan öncə Dövlət himni səsləndirilib.
Daha sonra çıxış edən icra başçısı qeyd edib ki, hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda gələcək hədəflərimizi düzgün müəyyənləşdirib:
“Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində var olacaq, daim hörmətlə anılacaq”.
Çıxışdan sonra Ulu Öndərin zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.





Son xəbərlər
Son Xəbərlər