İmişlidə növbəti səyyar qəbul keçirilib - Fotolar

imislide-novbeti-seyyar-qebul-kecirilib
Oxunma sayı: 1204

Mayın 24-ü İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının və xidməti təşkilatların rəhbərlərinin iştirakı ilə may ayı üçün təsdiq olunmuş qrafikə uyğun olaraq rayonun Muradalılı kəndində sakinlərlə görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, öncə RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. İcra başçısı kəndlərdə yaşayan sakinlərin əməksevər olduqlarını, burada bərəkətli torpaqlardan səmərəli istifadə edilməsi üçün bütün qüvvələrin səfərbər olduqlarını bildirib və qarşıdakı illərdə sosial-iqtisadi inkişaf sahəsində daha sevinc doğuran uğurlar əldə ediləcəyini qeyd edib. Sonra RİH başçısı istər şəxsi, istərsə də kəndlə bağlı təklifi, müraciəti və şikayəti olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.

Görüşdə iştirak edən sakinlər tərəfindən onları narahat edən məsələlər barədə fikir və təkliflər bildirilib, problemlərin həlli ilə əlaqədar müraciətlər edilib. Qəbul zamanı həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlər istiqamətində isə aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.