İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - Fotolar

İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı
Oxunma sayı: 1576

İmişlidə tarixi-mədəni abidələrin qorunub saxlanılması istiqamətində rayon ərazisində yerləşən Qızıltəpə adlı yaşayış məskənində arxeoloqlar tərəfindən növbəti qazıntı işləri aparılıb. 

“Qafqazinfo”nun məlumatına görə, qazıntı zamanı ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Qızıltəpə adlı yaşayış məskənində aparılan işlərlə tanış olub. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl məlumat verərək bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: “Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub.

Araşdırmalar zamanı ərazidə gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Bundan əlavə ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri də tapılıb. Hazırda təpədə qazıntı işləri davam etdirilir və tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir.

Qeyd edək ki, İmişlidə XII-XIV əsrlərə aid Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. kimi tarixi abidələr də mövcuddur.