Ötən gün İmişli rayonunda “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi və İmişli Rayon Icra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhid ailələri ilə yanaşı, İmişli RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının, İctimai Birliyin əməkdaşları, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə dövlət himnimiz səsləndirilib, sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.
Mərasimdə çıxış edən icra başçısı Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. Azərbaycanda və eləcə də İmişli rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini qeyd edib. O, iftar məclisində iştirak edən şəhid ailələrinə qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, 44 gün davam edən haqq savaşımızda şücaət göstərərək, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməklə xalqımıza möhtəşəm qələbə bəxş etdiklərini diqqətə çatdırıb.
Daha sonra iftar süfrəsi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.





Son xəbərlər
Son Xəbərlər