İmişlinin 2019-cu il üzrə sosial-iqtisadi nəticələri - Foto

imislinin-2019-cu-il-uzre-sosial-iqtisadi-neticeleri
Oxunma sayı: 3432

2019-cu ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında yaxşı nəticələr əldə olunub. 

“Qafqazinfo”nun məlumatına görə, 2019-cu il ərzində iqtisadiyyatın əsas sahələri üzrə ilkin hesablamalara görə 621509.7 min manatlıq məhsul istehsal edilib və ya xidmət göstərilib ki, bunun da 128922.5 min manatı və ya 20.8 faizi kənd təsərrüfatı, 351942.3 min manatı və ya 56.6 faizi sənaye, 78909.4 min manatı və ya 12.7 faizi ticarət, ictimai iaşə, 8202.5 min manatı və ya 1.3 faizi nəqliyyat, 52871.1 min manatı və ya 8.5 faizi tikinti, 661.9 min manatı və ya 0.1 faizi rabitə sahələrinin payına düşür.

Sənаyе məhsullаrının istеhsаlı üzrə:

Rayon əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. 2019-cu ildə 351942.3 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 96.5 faizi qeyri-dövlət sektorunun payına düşür.

Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:

Rayon iqtisadiyyatının əsas sahələrdən biri kənd təsərrüfatı təşkil edir. Torpağın və əmlakın xüsusi mülkiyyətə verilməsi, torpaq istifadəçilərinin əkiləcək kənd təsərrüfatı bitkilərini özləri müəyyən etmələri bu sahəyə marağın artmasına səbəb olmuş və nəticədə əvvəlki illərə nisbətən əkin sahələri xeyli genişləndirilib. Son illərdə olduğu kimi,t axılçılıq əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Belə ki, 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında 19038 hektar sahədə taxıl səpini aparılıb. Həmin sahənin 6322 hektarı arpa 12716 hektarı isə buğda sahələri təşkil edib. 2019-cu ildə 176.8 hektar sahədə kartof, 178.0 hektar sahədə tərəvəz, 1411.5 hektar sahədə yonca, 917.6 hektar sahədə şəkər çuğunduru, 7492.3 hektar sahədə pambıq, 5.0 hektar sahədə darı,3.0 hektar sahədə çəltik, 164.0 hektar sahədə dən qarğıdalı,13.0 hektar günə baxan və 255.5 hektar sahədə bostan səpini aparılıb. Azərbaycanda “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. 6000 ha qış otlaq sahəsinin isə təyinatının əkinə dəyişdirilməsi üçün aidiyyatı qurumlara müraciət edilib. Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların təmir-bərpa işləri və genişləndirilməsi davam etdirilib. Belə ki, rayon ərazisində “R-2”, “Gavur arxı”, “Arazyanı”, “MTS”, “Qızılarx” və digər suvarma kanallarında işlər başa çatdırılıb. “Qızıl arx”, “Boztəpə” kanallarında, Qaradonlu, Qaraqaşlı. Otuziki, Oruclu, Murğuzalılı, Yalavac, Bəcirəvan, Mirili, Məzrəli. kəndləri ərazisində olan kanallarda və Şirinqum ərazisində olan suvarma kanallarında lildən təmizləmə işləri davam etdirilir.

Rayonda aparılan abadlıq və quruculuq işləri:

Rayon ərazisində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi başa çatıb, Rayon Statistika İdarəsinin inzibatı binası əsaslı təmir edilib və Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi isə davam etdirilir. Prezidentin müvafiq Sərəncamı ilə inşa edilən Muradxanlı kəndində 56 yerlik modul tipli orta məktəb binasının 132 yerlik Aranlı 2 saylı və 624 yerlik Qızılkənd kənd tam orta məktəb binalarının tikintisi başa çataraq müəllim və şagirdlərin istifadəsinə verilib. 264 yerlik Muradxanlı kənd orta məktəb binasının tikintisi davam etdirilir.

Bundan əlavə şəhərin Q.Qarayev, C.Cabarlı, Sabir, 28 May, C.Dədəkişiyev küçələrinə asfalt örtük qoyulub. İmişli rayonunda 1 yanvar 2020-ci il tarixinə rayonda iqtisadi fəal əhalinin sayı 65.5 min nəfər olub ki, onlar da rayon əhalisinin 49.6 faizini təşkil edib. İlham Əliyevin tapşırığı ilə yaradılmış “DOST İş Mərkəzi” MMC-nin xətti ilə 535 nəfər işə düzəlməkdə çətinlik çəkən rayon sakini işlə təmin ediliblər. Rayon Məşğulluq Mərkəzinin məlumatına əsasən 01 yanvar 2020-ci il tarixədək 4459 nəfər iş axtaran qeydə alınıb ki, bunlarında 1099 nəfəri qadınlardır. Bundan əlavə rayon Məşğulluq Mərkəzi tərəfindən 5 nəfərə hər ay orta hesabla 223.12 manat hesabı ilə müavinət ödənib. Rayon Məşğulluq Mərkəzi işsizlik problemini həll etmək məqsədilə öz peşə və ixtisasına uyğun iş axtaranlar üçün əmək yarmakasının keçirilməsini təşkil edib. 2019-ci ilin iyul ayının 23-də belə bir yarmarka keçirilib, 46 nəfər müxtəlif xarakterli işlərə göndərilib.

Əmək hаqqı üzrə: Əhalinin həyat səviyyəsinə digər amillərlə yanaşı məşğulluğun dəyişməsi və onun əmək bazarına təsiri mühüm rol oynayır. Məşğul əhalinin 14667 nəfəri yaxud 23.3 faizi muzdla işləyənlərin payına düşüb. Muzdla işləyənlərin 6174 nəfəri və ya 42.1 faizi maddi istehsal sahəsində, 8493.0 nəfəri və ya 57.9 faizi isə xidmət sahəsində çalışanlar olub. 2019-cu ildə iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin 15.4 faizi kənd təsərrüfatında, 23,2 faizi sənayedə, 2,3 faizi tikintidə, 4,8 faizi topdan və pərakəndə ticarətdə, 6.0 faizi nəqliyyat və rabitədə, 1,3 faizi icarə və istehlakçılara xidmət göstərilməsində, 1,1 faizi maliyyə fəaliyyətində, 4,6 faizi dövlət idarəetməsində, 27,1 faizi təhsildə, 10,6 faizi səhiyyədə, 3,6 faizi isə kommunal və sosial xidmətlərdə olub. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirilən orta aylıq nominal əmək haqqı 2019-ci ildə orta aylıq əmək haqqı 328.4 manat təşkil etmiş və müvafiq dövürlə müqayisədə 0.9 % çox olub.

Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı: 2019-ci ildə istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılıb, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilib, yeni güc mərkəzləri yaradılıb. Bu müddətdə 255 ədəd müxtəlif gücü 10/0,4 kv-luq transformator cari, 115 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılıb. Bundan əlavə rayonun kəndlərinin elektrik təsərrüfatlarında müvafiq təmir işləri aparılıb və əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunub, Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2019-ci ildə 985 yeni fərdi ev, 13 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilib. Rayonun 39 yaşayış məntəqəsi tam qazlaşdırılması təmin edilib. Bundan əlavə şəhərin bir neçə küçələrində və kəndlərdə fərdi qaztəmizləyici, siyirtmə və digər qurğular quraşdırılıb, qaz xətlərində isə təmir işləri aparılıb. İmişli şəhəri su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işləri 2011-ci ilin sentyabr ayından həyata keçirilib. Hazırda İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunub. Lakin kanalizasiya sisteminin quraşdırılması işləri yarımçıq qalıb və aidiyyatı qurumlar tərəfindən bu sahədə heç bir tədbir görülməyib.

Təhsil sahəsi üzrə: İmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 2 məktəbdənkənar, 15 dövlət və 2 özəl olmaqla 17 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində XI sinifi bitirən 306 nəfər, əvvəlki illərin məzunlarından isə 39 nəfər ali məktəblərə qəbul olub. Abituriyentlərdən rayon üzrə 44 nəfər 500-dən yuxarı bal, 10 nəfər isə

600-dən yuxarı bal toplayıblar. Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşıb, 41-ə yaxın məktəbin binası yenidən inşa edilib, yaxud əsaslı təmir olunub. Bundan əlavə İmişli şəhər 7 saylı, Yalavac, Axıcanlı, Kürdmahmudlu və Qaravəlili kənd tam orta məktəb binalarının tikintisi və ya əsaslı təmir edilməsi nəzərdə tutulub.

Səhiyyə sahəsi üzrə: Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 74 nəfər həkim və 352 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 82 nəfər həkimə ciddi tələbat vardır. 2019-cu ildə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülüb. 2019-cu il ərzində 1509 uşaq doğulmuşdur ki, onların da 98,7 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunub. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmayıb. Əhalinin müainəsi üçün 24 Epid briqadası yaradılıb, həmin briqadalar vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparıb, ehtiyacı olanları müalicəyə cəlb ediblər. Yolxucu xəstəliklərlə mübarizə daimi nəzarətdə saxlanılıb və bu sahədə müvafiq tədbirlər həyata keçirilib. Rayonda şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılıb, onlar vaxtaşırı dərmanla təmin ediliblər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılıb və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin ediliblər. Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 50 xəstə müalicə alır.

Mədəniyyət sahəsi üzrə: Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanılmasından ibarətdir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəliyinə Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalareyası, Mərkəzi kitabxana sistemi, 2 şəhər kitabxanası, 40 kənd kitabxana filialı, 4 mədəniyyət evi, 1 şəhər klubu, 26 kənd kulubu, Uşaq incəsənət və Uşaq Musiqi məktəbi daxildir. Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulub. Bunda əlavə İmişli şəhər Uşaq İncəsənət məktəbinin əsaslı təmiri işləri başa çatıb.

Gənclər və idman sahəsi üzrə: Ötən illərdə olduğu kimi hesabat ilində də rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi-vətənpərvərlik tərbiyəsi, onların müxtəlif idman növləri ilə məşğul olmaları üçün müvafiq şəraitin yaradılması-ümumilikdə isə gənclərin layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi olaraq rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılıb. 2019-cu il ərzində İdman və Gənclər İdarəsi tərəfindən bir çox işlər görülüb. Belə ki, “Xocalı faciəsi”, “31 Mart-Azərbaycanlıların Soyqırımı”, “20 Yanvar”la bağlı ədəbi-bədii kompazisiya və anım mərasimləri keçirilib. “2 Fevral-Gənclər Günü” və “Novruz” şənliyi ilə bağlı isə Heydər Əliyev adına parkda tədbirlər keçirilib.

Rabitə xidməti üzrə: 2019-cu ildə rayon üzrə 400 abonentə telefon xətti çəkilib. Rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 4506 nəfərə çatdırılıb. Yeni Bəhrəmtəpə qəsəbəsində məcburi köçkünlər yaşayan ərazidə yeni telefon xəttinin çəkilməsi və Çaxırlı, Oruclu, Ağaməmmədli, Hacırüstəmli, Cavadxanlı, Yuxarı Qaralar kəndlərində EATS-lərin tikintisi nəzərdə tutulub.

Hüquq-mühаfizə sаhəsində аpаrılаn işlər: 2019-cu ildə rаyоndа cinаyətkаrlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaş hüquq və azadlıqlarının qorunması sаhəsində hüquq mühаfizə və digər аidiyyatı оrqаnlаr əlаqəli iş аpаrıblаr. İmişli rayonu ərazisində 2019-cu ildə 187 cinayət hadisəsi qeydə alınıb. Rayon ərazisində qeydə alınmış cinayət hadisələrinin sayı 2018-ci illə müqayisədə 33 fakt və ya 17.6 faiz az qeydə alınıb. Qeydə alınmış Cinayət hadisələri xarakterinə görə təhlil edildikdə müəyyən edilmişdir ki, onların 67-si böyük ictimai təhlükə törətməyən, 94-ü az ağır, 26-i isə ağır və ya xüsusilə ağır cinayət faktları olub. 2019-cu ildə rayon ərazisində 3 qəsdən adam öldürmə, 1 quldurluq, 1 adam oğurluğu, 1 qaçaqmalçılıq və 3 məcburi əmək hadisələri qeydə alınıb. 2019-cu ildə gənclərin həqiqi hərbi хidmətə çаğırılmаsı və hərbi çаğırışın mütəşəkkil kеçirilməsi ilə əlаqədаr RİH başçısı tərəfindən хüsusi sərəncаmlаr vеrilib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rаyоn şöbəsi, Rаyоn İcrа Hаkimiyyəti bаşçısının inzibati ərаzi dаirələri üzrə nümаyəndələrinin və rayon Polis Şöbəsinin birgə fəaliyyəti nəticəsində hərbi xidmətə çаğırışın müəyyən еdilmiş nоrmаyа uyğun həyata kеçirilməsi təmin еdilib.